DÜNYA
LİVİYA ÖLÜM CƏZASINI LƏĞV ETMƏK İMKANLARINI NƏZƏRDƏN KEÇİRİR
İlk xalq konqresləri (yerli hakimiyyət orqanları) ölkədə ən ağır cəza kimi ölüm hökmünün ləğv olunması barədə qanun layihəsi hazırlayırlar. Yaxın vaxtlarda bu sənədi Ümumxalq Konqresinin (parlament) təsdiqinə vermək nəzərdə tutulur. Bununla da Bolqarıstan vətəndaşları barədə cəzanın yüngülləşdirilməsi üçün yollar açılır. Məsələn, hökm pul kompensasiyası ilə əvəzlənə bilər.
Liviya Prezidenti Müəmmər Qəzzafinin oğlu Seyfəl İslam uşaq xəstəxanasında QİÇS epidemiyasının yayılmasında hökumətin təqsirkar olduğunu zənn edir. O etiraf etmişdir ki, 400-dən çox uşağı qəsdən bu virusa yoluxdurmaqda təqsirli bilinən beş bolqar tibb bacısına və fələstinli həkimə işgəncələr verilmişdir. Seyfəl “Əl-Bəyan” qəzetinə müsahibəsində demişdir: “Mən səhlənkarlığın və səhvlərin nəticəsi olan həmin məhkəmə prosesində müşahidəçi qismində iştirak etmişəm. Liviyanın hakimiyyət orqanları bu faciənin baş verdiyi xəstəxanadakı şəraitdən xəbərsiz idilər”.
Liviya bolqar tibb bacılarının azadlığa buraxılması müqabilində kompensasiya ödənilməsi təklifi ilə dəfələrlə Bolqarıstana müraciət etmişdir. Lakin rəsmi Sofiya vətəndaşlarının günahsız olduqlarını bildirərək, bu təklifə rədd cavabı vermişdir. Nəticədə həmin işin araşdırılmasına Avropa Birliyi ölkələri və ABŞ qarışmışdılar.