İQTİSADİYYAT
LOKAL İSTİLİK SİSTEMLƏRİNİN YARADILMASI İLƏ BAĞLI LAYİHƏ ÇƏRÇİVƏSİNDƏ TİKİNTİ İŞLƏRİ BAŞA ÇATMIŞDIR
Şirkət tərəfindən hazırlanmış və müzakirə üçün hökumətə təqdim olunmuş “Azərbaycan Respublikasının istilik strategiyası”na əsasən, həyata keçirilən layihə çərçivəsində mərkəzləşdirilmiş istilik sistemindən asılı olmayan, yeni tipli istilik avadanlığının tətbiqi ilə müasir standartlara cavab verən və enerjiyə daha çox qənaət edən istilik təchizatı sistemi yaradılmış, eləcə də, binadakı mənzillər isti su ilə təmin edilmişdir.
İnkişaf etmiş ölkələrdə çoxdan tətbiq olunan səmərəli istilik təchizatı sisteminin yaradılması enerjiyə qənaət və kommunal bölmədə yeni idarəetmə metodlarının tətbiqi komponentlərindən ibarətdir. ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) maliyyələşdirdiyi layihə elektrik enerjisinə təqribən 3 dəfə qənaət etməyə imkan verəcəkdir.
Layihə çərçivəsində ABŞ Qoşunları Avropa Komandanlığının maliyyə yardımı ilə 146 nömrəli məktəb əsaslı təmir edilmişdir.
Dekabrın 7-də layihə üzrə işlərin başa çatması ilə əlaqədar tədbir keçirilmişdir.
PA Consulting şirkətinin, Nazirlər Kabinetinin, Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndələri həyata keçirilən layihənin Azərbaycan iqtisadiyyatı, rayon ictimaiyyəti, məktəblilər üçün əhəmiyyətini nəzərə çarpdırmışlar. Nazirlər Kabinetinin nümayəndəsi Tofiq Qədirov göstərdikləri yardıma görə ABŞ hökumətinə, USAİD-ə təşəkkür etmişdir.
ABŞ-ın ölkəmizdəki səfiri Rino Harniş layihənin ABŞ və Azərbaycan xalqları arasında yüksək səviyyəli əməkdaşlığın nəticəsi olduğunu vurğulamışdır.
Tədbirdə “Azəristiliktəchizat” ASC-nin sədri Yaşar Həsənov, İqtisadi İnkişaf, Sənaye və Energetika nazirliklərinin, ABŞ Qoşunları Avropa Komandanlığının, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin, rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.