MƏDƏNİYYƏT
LONDONDA SOYDAŞIMIZIN İFASI MARAQLA QARŞILANMIŞDIR
Londonun mərkəzində yerləşən “St.Martin-in-the fields” adlı konsert salonunda Bethovenə həsr olunmuş yaradıcılıq gecəsində Nəzrin Rəşidova London Solistlər Palatası Orkestri və məşhur dirijor – maestro David Jozefouitz ilə birgə tamaşaçıları heyran etmişdir. Konsertin sonunda tamaşaçılar Nəzrini ayaqüstə alqışlamış, onu bir neçə dəfə səhnəyə çağırmışlar. Onlar heyrətlərini “Biz heç zaman Bethovenin əsərlərinin bu cür gözəl və həssas ifa edilməsini eşitməmişdik” sözləri ilə bildirmişlər.
Nəzrin Rəşidova ən böyük arzusunun doğma Vətəni – Azərbaycanda solo konsert proqramı ilə çıxış etmək olduğunu vurğulayır. Balaca istedadın müəllimi və anası Sədaqət Rəşidova qızının nə vaxtsa dünyada şöhrətli solist olacağına inandığını deyir. “Çünki istedadlılara hər yerdə qiymət verirlər. Axı, yaradıcılığın sərhədi yoxdur. Ölkəmizin adını ABŞ-da, İngiltərədə və bir sıra ölkələrdə layiqincə təmsil edib, bayrağımızı yüksəklərə ucaltmaq Nəzrinin həyat devizinə çevrilib”- deyə Sədaqət xanım vurğulamışdır.