İQTİSADİYYAT
LORD CON BRAUN: BTC BORU KƏMƏRİ XXI ƏSRİN İLK NƏHƏNG MÜHƏNDİS LAYİHƏSİDİR
AZƏRTAC xəbər verir ki, Bakı-Tbilisi-Ceyhan boru kəmərinin əməliyyatçısı olan bp şirkətinin prezidenti lord Con Braun Ceyhandakı rəsmi açılış mərasimində müxbirimizə müsahibəsində bu kəməri XXI əsrin ilk nəhəng mühəndis layihəsi, dünya neft sənayesinin tarixində mühüm bir mərhələ adlandırmış və demişdir ki, tikintisi 4 milyard ABŞ dollarına başa gələn BTC kəməri Xəzərin zəngin neft ehtiyatlarını dünya bazarına çıxaran nadir qurğudur.
1774 kilometr uzunluğunda bu kəmərin inşasında diametri 46/42/34 düymlük borulardan istifadə edilmişdir. Kəmərin hər üç tranzit ölkə boyunca səkkiz nasos stansiyası və 98 siyirtmə məntəqəsi vardır. Boru kəməri 1500-dən artıq çayla kəsişir. Boru kəmərinin ən yüksək nöqtəsi 2.800 metr olan dağlardan keçdiyi yerdir ki, bundan sonra o, Ceyhanda yenidən dəniz səviyyəsinə enir.
BTC kəməri tranzit ölkələri üçün sanballı gəlirlər yaradacaq və Azərbaycan, Gürcüstan, Türkiyə ilə Avropa və bütün dünya arasında iqtisadi və siyasi əlaqələrin möhkəmlənməsinə kömək edəcək.