İQTİSADİYYAT


LOTEREYALAR HAQQINDA QANUN BEYNƏLXALQ STANDARTLARA CAVAB VERİR

Milli Məclisin iqtisadi siyasət məsələləri daimi komissiyasının avqustun 26-da keçirilən iclasında “Lotereyalar haqqında” Qanun layihəsi müzakirə olunmuşdur.

Komissiyanın sədri Səttar Səfərov AZƏRTAC-ın müxbirinə demişdir ki, Azərbaycanda lotereyaların təşkili və keçirilməsi sahəsində münasibətlərin tənzimlənməsinin hüquqi əsaslarını, lotereyaların təşkilatçıları və iştirakçılarının vəzifə və hüquqlarını müəyyən edən bu qanun layihəsi ötən yaz sessiyasında parlamentdə müzakirə olunaraq birinci oxunuşda qəbul edilmişdir. Amma müzakirələr zamanı bir sıra ciddi irad və təkliflər səslənmişdi və komissiya üzvləri əlaqədar təşkilatlarla birgə həmin təkliflərin böyük əksəriyyətini nəzərə almışdır.

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri Heydər Babayev demişdir ki, müzakirələr zamanı əsas iradlardan biri tiraj komissiyası və ictimai nəzarətin gücləndirilməsi ilə bağlı olmuşdur. İkinci oxunuşa hazırlanan yeni variantda tiraj komissiyasının üzvlərinin 5 nəfərdən az olmaması, sədrin adi səs çoxluğu ilə seçilməsi, KİV və ictimai təşkilatların nümayəndələrinin də tiraj komissiyasında təmsil olunması öz əksini tapmışdır. Layihədə göstərilmişdir ki, tirajlı lotereyanın uduş fondunun minimum həcmi həmin tiraj üzrə lotereya biletlərinin ümumi məbləğinin 50 faizindən və ya həmin tirajın satılmış lotereya biletlərinin ümumi məbləğinin 50 faizindən az olmamalıdır. Eyni zamanda, ani lotereyanın uduş fondunun həcmi də lotereya biletlərinin ümumi məbləğinin 50 faizindən az olmamalıdır.

Müzakirələrin sonunda müxtəlif faydalı təkliflər nəzərə alınmaqla, layihənin parlamentin payız sessiyasının gündəliyinə daxil edilməsi qərara alınmışdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.