SİYASƏT
LOTEREYA HAQQINDA QANUN LAYİHƏSİ PARLAMENTİN MÜZAKİRƏSİNƏ ÇIXARILACAQDIR
Milli Məclisin İqtisadi siyasət daimi komissiyasının martın 28-də keçirilən iclasında “Lisenziya haqqında” və “Lotereya haqqında” qanunların layihələri müzakirə edilmişdir. Milli Məclisin İqtisadi qanunvericilik şöbəsinin hazırladığı “Lisenziya haqqında” Qanun layihəsinin müzakirəsi zamanı deputatlar Kərəm Əliyev, Ağakərim Şərifov və başqaları layihənin bəzi maddələrinin digər qanunlar, eləcə də Prezidentin lisenziyaların verilməsi ilə bağlı imzaladığı fərmanlarla ziddiyyət təşkil etdiyini bildirmişlər. Belə ki, Prezidentin fərmanına uyğun olaraq lisenziyaların 5 il müddətinə verildiyi halda, layihədə həmin müddət 3 ilə nəzərdə tutulmuşdur. Bu və digər səbəblər nəzərə alınaraq layihə yenidən işlənmək üçün işçi qrupa gaytarılmışdır.
Lotereya bazarında münasibətləri tənzimləyəcək, lotereyaların növlərini müəyyən edəcək “Lotereya haqqında” Qanun layihəsini Dövlət Qiymətli Kağızlar Komitəsi hazırlamışdır. Layihə müzakirə edildikdən sonra onun parlamentin birinci oxunuş müzakirəsinə çıxarılması qərara alınmışdır.