İQTİSADİYYAT


“LUKOYL” ARDNŞ-Ə “HÖVSAN-ZIĞ” YATAQLAR BLOKUNUN BƏRPASINA DAİR TƏKLİFLƏR TƏQDİM ETMİŞDİR

“LUKoyl oversiiz”in Bakı nümayəndəliyinin baş direktoru Rim Baqmanov bildirmişdir ki, “LUKoyl” şirkəti Azərbaycan Dövlət Neft Şirkətinə ölkənin quru ərazisində yerləşən “Hövsan-Zığ” yataqlar blokunun bərpasına dair bir sıra yeni təkliflər vermişdir.

Baş direktor demişdir ki, həmin layihəni indiki şərtlərlə həyata keçirmək “LUKoyl” üçün mümkün deyildir. Çünki digər şirkətlər kimi, “LUKoyl” da hər hansı neft yataqlarının işlənilməsi və ya bərpası zamanı, ilk növbədə, mənfəət götürməyi nəzərdə tutur. Bizim təkliflərimiz, əsasən ondan ibarətdir ki, hər iki tərəf bu layihədə səmərə ilə işləyə bilsin. O ki qaldı “LUKoyl”un layihədə iştirak payını artırmaq imkanına, belə varianta layihənin səmərəliliyini yüksəltməyin mümkün üsullarından biri kimi baxıla bilər.

Xatırladaq ki, ekologiya və ətraf mühitin mühafizəsi ilə bağlı məsələlər həll edilmədiyindən “Hövsan-Zığ” layihəsi indiyədək həyata keçirilməmiş qalır. Rusiya şirkəti mütəxəssislərinin hesablamalarına görə, “LUKoyl”un müqavilədə nəzərdə tutulan təkcə ekoloji öhdəliklərinin yerinə yetirilməsi üçün təxminən 100 milyon dollar xərclənməlidir. Şirkət rəhbərliyinin fikrincə, təkcə ekologiyaya bu qədər vəsait qoyulması ümumi dəyəri 250 milyon dollar olan layihənin rentabelliyini sıfıra, hətta ondan aşağı səviyyəyə endirə bilər.

ARDNŞ və “LUKoyl” layihədə hərəyə 50 faizlik iştirak payına malikdir. Müqaviləyə daxil edilən ərazi 128 kvadratkilometr, neftin qalıq ehtiyatlarının həcmi isə 20 milyon tona qədərdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.