DÜNYA
La-Manşda qəzaya uğrayan təyyarənin qalıqları arasında cəsəd aşkarlanıb
Bakı, 4 fevral, AZƏRTAC
Axtarış-xilasetmə komandası La-Manş boğazı rayonunda qəzaya uğrayan təyyarənin qalıqları arasında insan cəsədi aşkarlayıb.
AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, cəsədin kimə aid olduğu barədə məlumat verilmir. Hazırda təyyarənin qalıqları dənizin dibindədir və onun çıxarılması üzrə əməliyyat hələlik başlamayıb.
Bir qədər öncə axtarış komandası “Kardiff” klubunun argentinalı futbolçusu Emiliano Sala və pilot Devid İbbotsonun göyərtəsində olduğu təyyarənin qalıqlarının Hernsi adası yaxınlığında aşkarlandığı barədə məlumat yaymışdı. Hernsi adasının polisi pilotun və futbolçunun sağ tapılması ümidlərinin tükəndiyini nəzərə alaraq axtarışı dayandırdıqdan sonra əməliyyatı toplanmış 370 min avro ianə hesabına fərdi axtarış kampaniyasını davam etdirib.
Xatırladaq ki, göyərtəsində argentinalı futbolçu Emiliano Salanın olduğu yüngül mühərrikli “Piper Malibu” tipli təyyarə yanvarın 21-də Fransadan Böyük Britaniyaya uçarkən dəniz üzərində yoxa çıxmışdı.
Yanvar ayının ortalarında 28 yaşlı argentinalı Fransanın “Nant” klubundan Uelsin “Kardiff-Siti” klubuna transfer olmaq üçün 15 milyon funt sterlinq məbləğində müqavilə imzalamışdı.