MƏDƏNİYYƏT


“La-Skala”nı Səudiyyə Ərəbistanı maliyyələşdirəcək

Bakı, 7 mart, AZƏRTAC

İtaliyanın məşhur “La-Skala” Teatrı Səudiyyə Ərəbistanı tərəfindən maliyyələşdiriləcək. AZƏRTAC xəbər verir ki, bunu teatrın direktoru Aleksandr Pereyra “La Stampa” qəzetinə müsahibəsində söyləyib. Layihə beş il ərzində Səudiyyə Ərəbistanı tərəfindən 3 milyon avro ödənilməsini, Səudiyyə Ərəbistanı nümayəndəsinin teatrın Direktorlar Şurasında təmsil olunmasını nəzərdə tutur.

Daha əvvəl Səudiyyə Ərəbistanı nəşrləri tərəfindən yayılan bu xəbər İtaliyanın bir sıra siyasətçilərinin etirazlarına səbəb olub. Pereyra vəziyyətə aydınlıq gətirərək bildirib ki, bu ideya hazırda İtaliyada hakim olan iki partiyadan birinin – “Şimal liqası” Partiyasının nümayəndəsi, Lombardiya Vilayəti Regional Şurasının üzvü Maks Ferrariyə məxsusdur. Pereyranın özü belə bir əməkdaşlıqda pis heç nə görmür.

O deyib: “Səudiyyə Ərəbistanının mədəniyyət naziri Bədr bin Fərhan Al Səud birgə layihəyə maraq göstərib və onun ölkəsinin “Luvr” Muzeyi ilə Əbu-Dabi arasında mövcud olan əməkdaşlıq modelini qəbul etdiyini bildirib. “La Skala”nın saxlanılması ildə 125 milyon avroya başa gəlir. Avropanın digər iri teatrlarına, məsələn, Vyana Operasının və Bavariya Dövlət Operasının saxlanılmasına da təqribən bu qədər vəsait xərclənir. Fərq bundadır ki, onlar maliyyələşdirmənin 75-80 faizini dövlətdən alırlar. Milan isə teatrın büdcəsinə tələb olunandan xeyli az vəsait ayırır. Beləliklə, “La Skala” hər il ayrı-ayrı sponsorlardan azı 45 milyon avro vəsait cəlb etməli olur. Mən də bu pulları tapıram”.

“La-Skala”nın Səudiyyə Ərəbistanı ilə layihəsinin təkcə maliyyələşdirmə ilə məhdudlaşmadığını vurğulayan A.Pereyra deyib: “Biz Ər-Riyadda konservatoriya açmaq istəyirik. “La Skala” Akademiyasının müəllimləri orada dərs deyəcəklər. Bunun üçün üç il ərzində daha 7 milyon avro almaq nəzərdə tutulur”. O vurğulayıb ki, Səudiyyə Ərəbistanında qızlar üçün də təhsil ocağı açılacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.