SİYASƏT
La Tribune: Türkiyə münaqişədə tərəfkeşlik etmir
Paris, 16 oktyabr, AZƏRTAC
Azərbaycan Dağlıq Qarabağ separatçıları ilə döyüşlərə heç bir muzdlu cəlb etməyib. Dağlıq Qarabağdakı döyüşlərdə Türkiyənin hərbi müdaxiləsi yoxdur.
Mənə heç bir sübut, dəlil təqdim olunmayıb. Heç bir dəlil yoxdursa, düşünürəm ki, bu söz-söhbət bağlanmalıdır.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Azərbaycan Prezidenti İlham Əliyevin “France 24” televiziya kanalına verdiyi müsahibəyə istinadən “La Tribune” portalında yazılan “Əliyev France 24-ə deyib ki, Dağlıq Qarabağ münaqişəsində muzdlular yoxdur” adlı məqalədə bildirilib. Portalda Azərbaycan Prezidentinin söylədiyi əsas məqamlar bir daha oxucuların diqqətinə çatdırılıb.
“100 minlik ordumuz var, muzdlulara ehtiyacımız yoxdur və döyüş meydanındakı rəşadətimiz göstərir ki, ordumuz özü torpaqlarımızı tək başına azad etməyə qadirdir”, - deyə Azərbaycan Prezidentinin sözlərindən sitat verilib.
Azərbaycan Prezidentinin Fransa Xarici İşlər naziri Jan-İv Lö Dryanın sözlərinə cavab olaraq, Türkiyənin münaqişədə tərəfkeşlik etmədiyini vurğuladığı diqqətə çatdırılıb.
Azərbaycan Prezidenti deyib: “O, səhv edir. Türkiyənin hərbi müdaxiləsi ilə bağlı söylənilənlər də başqa bir yanlış informasiyadır. Türkiyənin hərbi texnikasından istifadə edirik, bu faktdır, ancaq həmçinin Rusiyanın, İsrailin və digər ölkələrin də hərbi texnikasından istifadə edirik”.
Məqalədə Azərbaycanın ərazisi olan Dağlıq Qarabağda döyüşlərin sentyabrın 27-də başladığı vurğulanıb.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris