SİYASƏT


“La Vanguardia”: Donald Tusk Azərbaycanın suverenliyinin, müstəqilliyinin və ərazi bütövlüyünün Aİ tərəfindən dəstəkləndiyini təsdiq edib

Madrid, 10 iyul, AZƏRTAC

İspaniyada ən qədim mətbu orqan olan “La Vanguardia” qəzetində “Tusk Azərbaycanı və Ermənistanı sülh şəraitini bərpa etməyə çağırır” sərlövhəli məqalə dərc edilib.

AZƏRTAC xəbər verir ki, məqalədə Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun Bakıda Azərbaycana və Ermənistana müraciətlə iki ölkə arasında səmərəli dialoqa və Dağlıq Qarabağda münaqişənin dinc yolla tənzimlənməsinə imkan verən şərait yaratmağa çağırması qeyd olunur.

Qəzet yazır: “Azərbaycanın suverenliyinin, müstəqilliyinin və ərazi bütövlüyünün Aİ tərəfindən dəstəkləndiyini təsdiq edən D.Tusk bildirib ki, o, münaqişə ilə bağlı gərginliyin azalmasını qiymətləndirir, lakin o, etiraf edib ki, bu yaxınlarda qoşunların təmas xəttində əsgərlərin həlak olması 28 ölkənin nümayəndələrini narahat edib”.

Məqalədə bildirilir ki, Azərbaycan Prezidenti İlham Əliyevin bəyan etdiyi kimi, “bu münaqişə Azərbaycanın ərazi bütövlüyü və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında nizamlanmalıdır”, status-kvo qəbuledilməzdir və Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalına son qoyulmasını nəzərdə tutan dəyişiklik baş verməlidir. Azərbaycanın dövlət başçısı deyib: “Azərbaycanın səyləri münaqişənin ən qısa müddətdə nizamlanmasına yönəlib”. Azərbaycan Prezidenti diqqətə çatdırıb ki, bir milyon insanın qaçqın vəziyyətinə düşməsinə gətirib çıxarmış münaqişənin hələ də nizamlanmamasının əsas səbəbi Ermənistanın qeyri-konstruktiv mövqeyidir.

Məqalədə bildirilir ki, münaqişə tərəfləri arasında müxtəlif səviyyələrdə əlaqələr fəallaşıb.

İspan qəzeti oxuculara Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi barədə məlumat verərək qeyd edir ki, Ermənistan qüvvələri Qarabağı öz nəzarəti altına alıb, Azərbaycanın geniş ərazilərini Ermənistanla birləşdirmək məqsədilə “təhlükəsizlik zolağı” adı ilə işğal edib. Yerevan israr edir ki, separatçı anklavın nümayəndələrinin danışıqlar prosesinə cəlb edilməsi zəruridir.

 

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Madrid

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.