SİYASƏT
“La Vanguardia” qəzeti Ermənistan silahlı qüvvələrinin Gəncəyə raket hücumu barədə xəbər verib
Madrid, 17 oktyabr, AZƏRTAC
İspaniyanın tanınmış nəşrlərindən biri olan “La Vanguardia” qəzetində “Azərbaycanın ikinci böyük şəhərinin raket atəşinə tutulması nəticəsində 12 nəfər həlak olub” sərlövhəli məqalə dərc edilib (bax: https://www.lavanguardia.com/internacional/20201017/484125511796/al-menos-12-muertos-en-ataque-con-cohetes-contra-segunda-ciudad-azerbaiyana.html).
AZƏRTAC xəbər verir ki, ispan nəşri Azərbaycanın Baş Prokurorluğuna istinadla Azərbaycanın ikinci böyük şəhəri Gəncənin Ermənistan tərəfindən ballistik raketlərdən istifadə olunmaqla atəşə tutulması nəticəsində azı 12 nəfərin həlak olduğunu və 40-dan çox insanın yaralandığını bildirir. Gəncənin yaşayış məhəllələrinə atılan iki raket 5 evi tamamilə dağıdıb, daha 15 evi zədələyib.
“La Vanguardia” qeyd edir ki, Ermənistan ərazilərindən Gəncəyə gecə hücumunda Qərbdə SCUD kimi tanınan “Elbrus” taktiki ballistik raketlərindən istifadə olunub.
Qəzet Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin bu sözlərini sitat gətirir: “SCUD raketini sıx məskunlaşmış mülki şəxslərə yönəltmək, Ermənistanın hərbi-siyasi rəhbərliyinin tamamilə əxlaqsızlığını və şizofrenik düşüncəsini göstərir!”.
“La Vanguardia” nəşri oxucuların diqqətinə çatdırır ki, Azərbaycanın hava hücumundan müdafiə qüvvələri energetiklər şəhəri Mingəçevirə tuşlanan bir neçə raketi zərərsizləşdiriblər.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid