REGİONLAR
“Labirint” strateji intellekt oyunu üzrə birinciliyin qalibləri müəyyənləşib
Naxçıvan, 25 iyun, AZƏRTAC
Naxçıvan Muxtar Respublikasının Gənclər Fondu və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə Naxçıvan şəhərindəki Sahil Parkında “Labirint” strateji intellekt oyunu üzrə birinciliyin qalibləri mükafatlandırılıb.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, tədbirdə çıxış edən Gənclər Fondunun əməkdaşı Çingiz Ağayev və Gənclər və İdman Nazirliyinin əməkdaşı Valeh Mahmudov birinciliyin keçirilməsində əsas məqsədin iştirakçıların strateji düşüncə qabiliyyətlərini stimullaşdırmaq, onlara analitik düşüncə tərzini aşılamaq, gənclərin asudə vaxtının mənalı təşkil olunması və xüsusi istedada malik gəncləri müəyyənləşdirib, gələcək fəaliyyətlərində stimul yaratmaq olduğunu bildiriblər.
Sonra püşkatma olub və iştirakçılar yarışa başlayıblar.
Oyunda 18-29 yaşarası 16 gənc mübarizə aparıb. Yekun nəticələrə əsasən Dürayə Məmmədli I, Məşdi Ələkbərov II, Samir Qəhrəmanov III yerin qalibi olublar.
Qaliblər Gənclər Fondu tərəfindən diplomla təltif olunub və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.