Laçın-Xankəndi yolu: BQXK-nın yeddi avtomobili Laçına maneəsiz gedib
AzerTAg.az
Şuşa, 27 yanvar, Elmir Səftərov, AZƏRTAC
Ekoaksiyanın iştirakçıları yanvarın 27-də Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus avtomobillərin Xankəndidən Laçın istiqamətinə maneəsiz keçidinə şərait yaradıblar.
AZƏRTAC xəbər verir ki, bu dəqiqələrdə Xankəndidən Laçın istiqamətinə doğru hərəkət edən BQXK-yə məxsus bir yük və altı minik avtomobilinin aksiya keçirilən ərazidən sərbəst hərəkəti təmin olunub.
Bu, bir daha onu göstərir ki, aksiya iştirakçıları humanitar məqsədlərlə istifadə olunan avtomobillərin hərəkətinə heç bir maneə törətmirlər. Ermənistan mətbuatında yayılan və etirazçıların guya Xankəndi-Laçın yolunu bağladıqları və təminat avtomobillərini buraxmadıqları ilə bağlı xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır.
Xatırladaq ki, ötən il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq Azərbaycanın İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb. Buna etiraz olaraq, azərbaycanlı ekofəallar Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda dekabrın 12-dən dinc aksiyaya başlayıblar.






Xəbərin mətnində orfoqrafik səhv var