MƏDƏNİYYƏT
“Laçın” musiqi qrupu Litvada beynəlxalq tədbirlərdə çıxış edib
Vilnüs, 31 may, AZƏRTAC
Azərbaycanın Litvadakı səfirliyinin Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyi münasibətilə keçirdiyi tədbirlərdə iştirak etmək üçün bu ölkəyə gəlmiş “Laçın” musiqi qrupu beynəlxalq “Skamba skamba kankliai” folklor festivalında da uğurla çıxış edib.
AZƏRTAC xəbər verir ki, festivalda musiqiçilərimiz Tuqay İsmayılov (müğənni), Ədalət Behbudov (tar), Pərviz Fərhadov (kamança) çıxış ediblər. “Skamba skamba kankliai” festivalı 1973-cü ildən keçirilir və etno-folklor zəmində Litvanın nüfuzlu beynəlxalq tədbirlərindən hesab olunur. Builki festivalda Azərbaycanla yanaşı, Latviya, Polşa, Kipr, Misir, Estoniya, Rusiya, Niderland, Belarus və digər ölkələrdən kollektivlər iştirak ediblər.
Vilnüsdən başqa, Druskininkai şəhərində də çıxış edən musiqiçilərimiz muğam və Azərbaycan xalq mahnılarını səsləndiriblər. Festival təşkilatçıları azərbaycanlı musiqiçilərin ifasından əvvəl çoxsaylı tamaşaçılara Qarabağ muğam məktəbi, Şuşa xanəndələri haqqında məlumat verib, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi ilə bağlı təqdimatlar ediblər.
Litva Prezident Administrasiyasının qarşısındakı meydanda keçirilən qala-konsertdə musiqiçilərimizin çıxışları alqışlarla qarşılanıb.
“Laçın” musiqi qrupunun üzvləri festivalda fəal iştiraklarına görə Litva mədəniyyət nazirinin və Vilnüs şəhər merinin fəxri diplomları ilə təltif olunublar.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Vilnüs