ELM VƏ TƏHSİL


Laçın rayonunda yerləşən abidələr erməni vandalizminin qurbanı olub

Bakı, 13 noyabr, AZƏRTAC

Ermənistan uzun illər ərzində işğal altında saxladığı Dağlıq Qarabağ və ona bitişik rayonların erməni torpaqları olması barədə iddiasını əsaslandırmaq üçün bu ərazilərdə yerləşən müxtəlif əsrlərə aid abidələrin dağıdılaraq yox edilməsinə və mənimsənilməsinə çalışıblar. Bu baxımdan Laçın rayonunun Sultanlar (Hüsülü) kəndi ərazisində yerləşən abidələr də erməni vandalizminin qurbanı olub.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Hüquq və İnsan Haqları İnstitutunun əməkdaşı, Beynəlxalq Memarlar Akademiyasının həqiqi üzvü Faiq İsmayılov deyib.

O bildirib ki, Laçın rayonunun Sultanlar kəndi Azərbaycan tarixinin öyrənilməsi baxımdan olduqca maraqlı və əsrarəngiz bir ərazidir: “Burada hündür dağ silsiləsinin ətəyində böyük saray komplekslərinin qalıqları mövcuddur. Rəvayətə görə, Zəngəzur vilayətinin bir hissəsi uzun illər bu mərkəzdən idarə edilib. Vaxtilə burada iki saray kompleksi olub. Bu sarayların birincisi “Soltan Əjdər” sarayı adlanır. Onun dəqiq tikilmə tarixi hələ məlum deyil. İkinci saray “Həmzə Soltan” adlanır. Bu sarayın isə tikilmə tarixinin 1761-ci ilə aid olduğu ehtimal edilir. Müşahidə zamanı kompleksin uçuqları arasında sarayın ətrafının qalın qala divarları ilə çevrələndiyi açıq görünür. Sarayın ümumi mənzərəsindən aydın olur ki, qəsrin hündür qülləsi olub. Qəsrin cənub tərəfinin küncündə giriş qapısı var idi. Gözəl tağlı tavanları qalın yan divarlara bərkidilən saray ikimərtəbəlidir. Saray geniş və böyük zala, xeyli sayda yardımçı otaqlara və divanxanaya malikdir”.

Faiq İsmayılov diqqətə çatdırıb ki, Sultanlar kəndinin ərazisi kurqanlar, bədii daş nümunələri, türbələr və daş heyvan fiqurları ilə zəngindir. Ərazidə orta əsrlərdən qalma su dəyirmanlarının qalıqları da var.

Lakin ermənilər bu əraziləri işğal etdikdən sonra abidənin ümumi görünüşündə dəyişiklik edilib, abidəyə bitişik evlər tikilib, kənd qəbiristanlığından at və qoç fiqurları gətirərək abidənin həyətinə qoyulub. 1998-ci ildə bu abidənin üzərindən bir neçə yazılı daş (daş kitabə) nümunəsini İrəvan şəhərinə aparıblar.

Ermənistan hökumətinin qərarı ilə 2007-ci ildən Sultanlar kəndinin adı dəyişdirilərək Melikatun adlandırılıb, “Həmzə Soltan” sarayı isə təmir edilərək otel kimi istifadə olunub.

“Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuz tarixi ata-baba torpaqlarımızı işğaldan azad etdi. Əminəm ki, Ermənistan dövləti ərazilərimizdə törətdiyi bütün vandal aktlara görə beynəlxalq hüquq qarşısında tezliklə cavab verəcək. Azərbaycan öz tarixi torpaqlarında erməni vandalizminə məruz qalan bütün tarixi-mədəni abidələrini ilkin memarlıq quruluşuna uyğun bərpa edəcək”, - deyə Faiq İsmayılov qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.