REGİONLAR


Laçın rayonunun Ağbulaq və Sonasar kənd məktəbləri üçün quraşdırılan modul tipli binalar istifadəyə verilib

Ağcabədi, 1 fevral, Tahir Ağaməmmədov, AZƏRTAC

Laçınlı məcburi köçkünlərin məskunlaşdıqları Ağcabədi rayonunun Taxtakörpü ərazisində Ağbulaq və Sonasar kənd məktəbləri üçün quraşdırılan modul tipli binalar istifadəyə verilib.

Bu münasibətlə keçirilən mərasimlərdə rayon icra hakimiyyətinin nümayəndələri, müəllim, şagird və valideynlər iştirak ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli müəllim, şagird və valideynləri məktəb binalarının istifadəyə verilməsi münasibətilə təbrik edib, məcburi köçkünlərə və təhsilin inkişafına göstərilən yüksək dövlət qayğısından danışıb.

Məlumat verilib ki, laçınlı məcburi köçkünlərin məskunlaşdıqları Ağcabədi rayonunun Taxtakörpü ərazisində modul tipli üç məktəb binası quraşdırılıb. Binaların tikinti-quraşdırma işləri Prezident İlham Əliyevin "Ağdam, Laçın, Füzuli və Tərtər rayonlarında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında" 2018-ci il 16 fevral tarixli Sərəncamı ilə ayrılan vəsait hesabına həyata keçirilib. Ağbulaq kənd tam orta məktəb üçün quraşdırılan bina 56, Sonasar və Katos ümumi məktəbləri üçün qurulan binalar isə 40 şagird yerlikdir. Modul tipli məktəblərin üstünlüyü onların azməsrəfli olması ilə yanaşı, qısa müddət ərzində istənilən relyefdə quraşdırılması, asan daşınması, sinif otaqlarının sayının şagirdlərin sayına uyğun olaraq rahatlıqla azaldılıb-artırılmasıdır. Modul tipli məktəblərin tikintisində əsasən yerli istehsal məhsullarından istifadə edilib.

Pedaqoji kollektivin nümayəndələri və şagirdlər dövlətimizin başçısına dərin minnətdarlıqlarını bildiriblər.

Çıxışlardan sonra tədbir iştirakçıları məktəblərdə yaradılan şəraitlə tanış olublar. Sinif və müəllim otaqlarından, sanitar qovşaqdan ibarət olan binalar müasir avadanlıqlar və mərkəzləşdirilmiş istilik sistemi ilə təmin edilib, həyətlərində abadlıq işləri aparılıb. Tezliklə Katos ümumi məktəbi üçün qurulan bina da istifadəyə veriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.