CƏMİYYƏT
Laçın rayonunun azad edilməsi Müzəffər Ali Baş Komandanın qətiyyətinin, Ordumuzun qüdrətinin göstəricisidir
Bakı, 2 dekabr, AZƏRTAC
Ağdam və Kəlbəcərdən sonra Laçın rayonunun azad edilməsi Müzəffər Ali Baş Komandanın qətiyyətinin, Ordumuzun qüdrətinin göstəricisidir. Bu uğurların hər biri Azərbaycan tarixində qızıl hərflərlə həkk olunacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov deyib.
Polkovnik C.Xəlilov bildirib ki, Laçının azad edilməsi və Azərbaycan Ordusunun bu torpaqlar üzərində nəzarətinin təmin edilməsi böyük, tarixi nailiyyətdir. Bu, dövlətimizin başçısının dəmir iradəsinin, Ordumuzun məğlubedilməzliyinin təzahürü kimi qiymətləndirilməlidir. Vətən müharibəsi göstərdi ki, Ordumuz qarşısında qoyulan istənilən tapşırığı yerinə yetirməyə, işğal altındakı torpaqlarımızı azad etməyə, bu ərazilərdə yenidən Azərbaycan Bayrağını ucaltmağa qadirdir. Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin dediyi kimi, dəmir yumruqla düşmənin başını əzdik, onu işğal etdiyi torpaqları tərk etməyə məcbur etdik.
Laçının təhvil verilməsinin ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi baxımından mühüm əhəmiyyətə malik olduğunu vurğulayan polkovnik qeyd edib ki, rayonun azad edilməsi erməni işğalına son qoyulması üçün tarixi önəm kəsb edir. “Çünki Laçın Ermənistan ordusunun nəzarətində qalan sonuncu Azərbaycan ərazisi idi və dekabrın 1-dən etibarən bu torpaqlar da Ordumuzun nəzarətinə keçib. Bununla da faktiki olaraq, Azərbaycanın ərazi bütövlüyü tam təmin edilib. Mən bu tarixi Qələbə münasibəti ilə xalqımızı, Ordumuzu və Müzəffər Ali Baş Komandanımızı təbrik edirəm”, - deyə C.Xəlilov əlavə edib.