SİYASƏT


Laçın rayonunun təhlükəsizliyi ilə bağlı mühüm addımlar atılır

Laçın rayonunun təhlükəsizliyi ilə bağlı mühüm addımlar atılır

Bakı, 30 mart, AZƏRTAC

“İkinci Qarabağ müharibəsi dövründə Laçın rayonunun işğaldan azad edilməsi əsas vəzifələrdən biri idi və biz faktiki olaraq Laçın rayonunun cənub hissəsini döyüşərək, vuruşaraq azad etdik. Güləbird və digər bir neçə kənd döyüş meydanında azad edilmişdir, biz Laçın-Xankəndi yoluna çıxmışdıq. Məhz bu əməliyyat nəticəsində, eyni zamanda, Şuşa şəhərinin erməni işğalçılarından azad edilməsi faktiki olaraq Ermənistan dövlətinin kapitulyasiyasına gətirib çıxarmışdır. Vaxtilə “Qarabağ Ermənistandır” deyən Ermənistan rəhbərliyi öz məğlubiyyətini qəbul etməyə məcbur olmuşdur və 2020-ci ilin noyabrın 10-da kapitulyasiya aktı Ermənistan tərəfindən imzalandı. Laçın rayonunun digər hissəsi - ən böyük hissə artıq siyasi yollarla azad edilmişdir. Bu, bizim böyük tarixi Zəfərimizdir”. Bu sözləri Prezident İlham Əliyev cari il martın 28-də Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda xüsusi nümayəndəsini qəbul edərkən deyib. Artıq Laçın azaddır və Laçın şəhərində genişmiqyaslı bərpa-quruculuq işləri aparılır. Bu il laçınlılar Laçına, öz doğma torpaqlarına qayıdacaqlar.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov söyləyib.

Bu gün dövlətimizin Azərbaycan-Ermənistan sərhədi istiqamətində çox əlverişli mövqelərə sahib olduğunu vurğulayan Əhliman Əmiraslanov bildirib: “Biz mövqelərimizi gücləndiririk. Laçın rayonunun təhlükəsizliyi ilə bağlı mühüm addımlar atılır, tədbirlər görülür və bu tədbirlər imkan verir ki, oraya qayıdacaq soydaşlarımız rahat, təhlükəsizlik şəraitdə yaşasınlar. Laçın şəhərində işlər ötən ilin avqustun 26-dan sonra başlayıb. Ötən ilin sentyabrında Prezident İlham Əliyevin Laçın rayonuna səfəri Laçın şəhərində Azərbaycan Bayrağının ucaldılması ilə tarixə yazıldı. O da məlumdur ki, Laçın rayonu hərbi-siyasi yolla işğaldan azad edilib. Azərbaycanın hərbi-siyasi Qələbəsinin, Ermənistanın kapitulyasiyasının təsdiqi olan 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata əsasən Laçın rayonu dekabrın 1-də boşaldılıb. Ondan sonra rayonun bərpa-quruculuq dövrü başlanıb. Dövlətimizin başçısı qısa dövrdə görülən genişmiqyaslı işlərdən bəhs edərək bildirib ki, birinci mərhələdə Laçın şəhərində 500-ə yaxın fərdi ev inşa edilir və ya ermənilər tərəfindən dağıdılmış evlər yenidən bərpa olunur. Çoxmərtəbəli səkkiz yaşayış binası yenidən qurulur, ya da ki, tamamilə əsaslı təmir olunur, 30-dan çox ictimai bina inşa edilir. Bu il və gələn il Laçın rayonuna təqribən 10 minə yaxın, bəlkə də çox keçmiş məcburi köçkün yerləşdiriləcək”.

Ə.Əmiraslanov qeyd edib ki, Prezident İlham Əliyev, Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar qəbul edərkən işğaldan azad edilən ərazilərimizdə tətbiq olunan yeni idarəetmə üsulunun nəticələrindən bəhs edərək belə bir əminliyi də ifadə edib ki, bu, təkcə azad edilmiş ərazilərin yox, bütövlükdə ölkəmizin hərtərəfli inkişafına böyük töhfə verəcək. Bu, həm böyük quruculuq işləridir, həm də yeni idarəetmə üsuludur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.