CƏMİYYƏT
Laçın sakini: O yerlər mənim üçün dünyanın paytaxtıdır
Bakı, 1 dekabr, AZƏRTAC
Dünyada ana qucağından doğma, isti və məhrəm nə ola bilər? Heç bir yorğan-döşək, heç bir ocaq onun yerini verməz. Ana qucağından başqa heç yerdə həmin o doğmalığı duymaq, hiss etmək olmur. Bax Laçın mənim üçün həmin o isti ana qucağıdır. Az-çox dünyanı görmüşəm, gəzib gördüyüm yerlər də çoxdur, amma yayda tozlu-torpaqlı, qışda qarlı-palçıqlı o yerlər mənim üçün dünyanın paytaxtıdır. Mən Laçın dağlarının əzəmətini, buz bulaqlarının dadını, sıx meşələrinin sərinliyini, güllü çəmənlərinin ətrini heç yerdə görməmişəm...
AZƏRTAC xəbər verir ki, bu sözləri Laçın rayon sakini Teymuraz Kərimov deyib.
O, doğma rayonunun işğaldan azad edilməsi münasibətilə keçirilən yürüşdə iştirak edərək sözlərini bölüşüb: “28 il yarım davam edən bu həsrətdən sonra doğma yurda qovuşmaq bilirsiz nə deməkdir? Mən bunun sevincini heç cür sözlə ifadə edə bilmirəm. O gözəl məkan, o ana qucağı, o dağlar diyar neçə gündür ki, gözümün qabağından çəkilmir. O yerdə qoyub gəldiyim hər kolu-kosu, cığırı, dolayları ən xırda detallarına qədər xatırlayıram. Laçın bütün gözəlliyi, bütün əzəməti və əvəzolunmazlığı ilə mənim qəlbimdə yaşayır. Quşqonmaz zirvələri, keçilməz meşələri, sıldırım qayaları, diş donduran bulaqları, barlı ağacları, bərəkətli torpağı ilə...
İndi həsrət sevincə, sevinc həsrətə qarışıb. 1992-ci ildə Laçından ailə üzvlərimi “UAZ” markalı maşınımla çıxarmışam. Həmin maşını laçınlı günlərimin yadigarı kimi qoruyub saxlamışam. Doğma kəndə dönəcəyim günü intizarla gözləyirəm. Vətənə qovuşacağım gün ömrümün ən xoşbəxt çağı olacaq. Laçından gəldiyim maşınla yenidən doğma torpağa qayıdacağam. Çatan kimi üzümü torpağına, daşına-kəsəyinə sürtəcəyəm, həyətimizdə sağ qalan ağacları, kolları qucaqlayacağam və deyəcəyəm: “Doğma diyar, qayıtmışıq, biz yenə sənin qoynundayıq. Bir də buradan heç yerə gedən deyilik!”.