REGİONLAR


Laçın sakini: Rayonumuzdan ağlaya-ağlaya çıxmışdıq, gülə-gülə qayıdacağıq

Ağcabədi, 2 dekabr, Tahir Ağaməmmədov, AZƏRTAC

Sevincimi sözlə ifadə etmək çətindir. Doğma Laçınımız işğaldan azad edilib. Məcburi köçkün adı üzərimizdən götürülür. 28 il əvvəl Laçın rayonundan ağlaya-ağlaya çıxmışdıq, indi isə ora gülə-gülə qayıdacağıq. Tezliklə yenidən yurdumun gözəl günləri başlayacaq.

Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Laçın rayonunun Nağdalı kənd sakini Sosialist Əməyi Qəhrəmanı, Prezident təqaüdçüsü Şərqiyyə Vəliyeva söyləyib.

Doğma torpaqlarının işğaldan azad ediləcəyinə hər zaman inandığını bildirən Şərqiyyə xanım deyib: “Üç övladım Vətənimizin müdafiəsi uğrunda döyüşlərdə iştirak edib. Çox təəssüf ki, 1990-cı illərin əvvəllərində torpaqlarımız işğal olundu, doğma yurdumuzdan didərgin düşdük. Aradan illər keçsə də mən Laçının işğaldan azad ediləcəyinə əmin idim. İnanırdım ki, Prezidentimiz İlham Əliyev torpaqlarımızı azad edəcək. Artıq Laçın və digər rayonlarımız azaddır. Bu yaşımda daha heç bir istəyim yoxdur".

Qeyd edək ki, Şərqiyyə Vəliyeva maldarlıq təsərrüfatında sağıcı işlədiyi vaxt il ərzində öhdəsində olan hər inəkdən bir bala aldığına və əl ilə 7400 litr süd sağdığına görə 1966-cı ildə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülüb. Müxtəlif illərdə “Lenin”, “Şərəf Nişanı”, “Oktyabr İnqilabı”, “Qırmızı Əmək Bayrağı” və digər orden və medallarla təltif olunub. Azərbaycan SSR Ali Sovetinin VII və VIII çağırış deputatı olub. 2002-ci ildən Prezident təqaüdçüsüdür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.