REGİONLAR


Laçın sakini: doğma yurduma, yaylaqlarımıza qayıdacağım günü səbirsizliklə gözləyirəm

Ağcabədi, 2 dekabr, Tahir Ağaməmmədov, AZƏRTAC

Ağcabədi rayonunun Taxtakörpü ərazisi laçınlıların dədə-babadan qışlaq yeri olub. Hər il yaylaq mövsümü başa çatanda sürülər-naxırlar Laçından bu yerlərə gətirilir, yazda yenidən yaylağa aparılardı. 28 ildir ki, Taxtakörpüdə qalmağa məcbur olan laçınlılar doğma yurdlarına – 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən Laçın rayonuna qayıda bilmirdilər. Lakin bu həsrətə son qoyulur. Artıq Laçın rayonu işğaldan azad edilib. İllərdir doğma yurd həsrəti ilə yaşayan laçınlılar ata-baba torpaqlarına qayıtmağa hazırlaşırlar.

İyirmi səkkiz ildir doğma yurduna qayıtmaq ümidi ilə yaşayan Laçın rayon sakini Hökmalı Paşayev də digər laçınlılar kimi böyük sevinc içindədir. H.Paşayev AZƏRTAC-ın bölgə müxbiri ilə söhbətində deyib: “Rayonumuzda olanda fermada briqadir işləyirdim. Fermanı qışlağa - Ağcabədinin Taxtakörpü ərazisinə gətirdik. Laçın işğal olundu və biz doğma yurdumuza qayıda bilmədik. Ötən dövr ərzində bir gün də olsun Laçına qayıtmaq ümidimizi itirmədik. Şükürlər olsun Allaha. Prezidentimizin qətiyyəti, ordumuzun gücü sayəsində Laçınımız işğaldan azad oldu. Ən böyük istəyimizə çatdıq. İndi gözəl yurdumuza - Laçının səfalı yerlərinə, yaylaqlarımıza qayıdacağımız günü gözləyirik”.

Hökməli Paşayev 28 il əvvəl Laçın rayonundan gələrkən gətirdiyi alça ağacından düzəltdiyi çomağı hələ də saxlayır. “O vaxt qışlağa gələrkən meşədən Aranda istifadə etmək üçün bir bağlama ağac kəsmişdim. Ağacların birindən bu gördüyünüz çomağı düzəltdim. Elə o vaxtdan bu alça ağacını saxlayır, mal-heyvanı otararkən çomaq kimi istifadə edirəm. 28 il saxladığım bu ağacı qayıdanda özümlə Laçına aparacağam”, - deyə Laçın sakini bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.