REGİONLAR


Laçına dönəcəkləri günü səbirsizliklə gözləyən İbrahimovlar ailəsi VİDEO

Biləsuvar, 28 noyabr, İsmayıl Cəfərli, AZƏRTAC 

İyirmi səkkiz ildir Laçın həsrəti ilə yaşayan Oğuldərə kəndindən olan İbrahimovlar ailəsi sevinc içərisindədir. İllərdir Biləsuvarda məskunlaşan bu ailə dekabrın 1-də işğalçıların Laçından gedəcəkləri günü səbirsizliklə gözləyirlər.

AZƏRTAC xəbər verir ki, Biləsuvarın Arazbarı kəndi artıq 28 ildir İbrahimovlar ailəsinin Laçından pənah gətirdiyi ikinci doğma kəndinə çevrilib. Ailənin 4-cü oğul övladı olan Mirağa da bu kənddə dünyaya göz açıb. 1992-ci ilin may ayını acı göz yaşları ilə xatırlayan ailə başçısı, 70 yaşlı Seyid Əjdər 3 azyaşlı körpəsi ilə həmin gecə qarlı, meşəli yollarla öz doğma yerlərini tərk etdiklərini ürək ağrısı ilə danışır. O deyib: “1992-ci il aprel ayı qara lent kimi yadımızdan çıxmayıb. Həmin günlərdə işğalçılar tərəfindən Laçın, həmçinin Kəlbəcər–Ağdərə yolları bağlanmışdı. Murovdan, qarlı dağlardan günlərlə əziyyət çəkərək Biləsuvar rayonuna gəldik. Bu rayona gələn gündən hörmətlə qarşılandıq. Sağ olsunlar, onlar bizi heç vaxt özlərinə yad kimi görmədilər. Biz uzaqgörən rəhbərimiz, Müzəffər Ali Baş Komandanımıza inanırdıq. Şanlı ordumuza inanırdıq ki, biz bir gün doğma yurd yerlərimizə qayıdacağıq. İnşallah, dekabrın 1-də Laçın boşalacaq, bizlər də gedib ana vətənimizdə yaşayacağıq”.

Laçın rayonunun Oğuldərə kənd sakini Seyid Malik İbrahimov: “Biləsuvar rayonunda 28 ildir məskunlaşmışıq. Dekabrın 1-də Laçın rayonunun boşaldılması ilə həsrət öz yerini vüsala verəcək. Günlərimizi sayırıq və çox sevinirik ki, torpaqlarımız düşmən tapdağından azad oldu. Qarabağda bizim tarixi abidələrimiz, yeraltı-yerüstü sərvətlərimiz var. Bu gün biz onları yenidən əldə edirik. Bu bizim dövlətimizin, xalqımızın, ordumuzun müzəffər qələbəsidir”.

İndi Laçına dönəcəkləri gün üçün səbirsizliklə təkcə bu ailənin üzvləri deyil, divardakı xalının üzərində səssiz-səmirsiz qəribçilik sürən, yarım əsrə yaxın yaşı olan bu telli saz da Laçının havasına köklənib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.