CƏMİYYƏT


Laçında 2500-ə qədər müxtəlifcinsli ağac əkilib, 500 kiloqrama yaxın palıd toxumu səpilib VİDEO

Laçın, 1 dekabr, Göyçək Mahmudlu, Vüsal Tağıyev, AZƏRTAC

Dekabrın 1-i Zəfər salnaməmizin növbəti uğurlu səhifələrindən biri kimi yadda qalıb. Məhz həmin gün Laçın rayonu uzun ayrılıqdan sonra doğma insanların nəfəsini, hənirtisini duydu. 1992-ci ilin mayından baharı şaxtalı qışa dönən Laçın ötən il dekabrın birindən baharını yaşayır. Şanlı tariximizin növbəti qələbə ildönümünü qeyd etmək üçün elə bu gün Laçına yollandıq. Payız mövsümünün öz yerini qışa verməyə hazırlaşdığı bir dövrdə doğma Laçın bizi yaz havası ilə qarşıladı. Sanki ana təbiət də onu dirçəltməyə gəldiyimizi hiss etmişdi. Doğma torpağın qayıdışını ona yeni həyat bəxş etməklə qeyd etdik. Belə ki, IDEA İctimai Birliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Yaşıl Marafon” kampaniyası çərçivəsində Laçının Güləbird kəndinin iki müxtəlif ərazisində ağacəkmə aksiyaları keçirildi. Tədbirdə Ekologiya və Təbii Sərvətlər, Müdafiə və Daxili İşlər nazirliklərinin müvafiq bölmələrinin nümayəndələri, “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin “Güləbird” Su Elektrik Stansiyasının əməkdaşları, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etdilər.

AZƏRTAC xəbər verir ki, aksiya zamanı 2500-ə yaxın müxtəlif meşəcinsli ağac əkildi, 500 kiloqrama yaxın palıd toxumu səpildi.

Ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev kütləvi informasiya vasitələrinin nümayəndələrinə verdiyi müsahibəsində deyib: “Bu gün Laçın rayonunun işğaldan azad edilməsinin bir ili tamam olur. “Yaşıl Marafon” kampaniyasını burada da davam etdirmək üçün bu müqəddəs torpaqlara gəldik. Kampaniya çərçivəsində Zəngilan, Qubadlı, Ağdam, Kəlbəcər və digər rayonlarda da ağacəkmə aksiyaları keçirmişik. Növbəti dayanacağımız Laçın rayonu oldu. Bu gözəl torpağımızda təşkil edilən aksiya çərçivəsində rayonun florasında əsas yer tutan şərq çinarı ağacına üstünlük verildi. Bundan əlavə, ardıc, dağdağan, qarağac, göyrüş əkilib, 500 kiloqrama yaxın palıd toxumu səpilib. Aksiyalarımız Güləbird kəndinin müxtəlif ərazilərində aparıldı. İlk olaraq Güləbird SES-in yaxınlığında ekoloji aksiyamız həyata keçirildi. Növbəti aksiya isə vaxtilə ermənilər tərəfindən yandırılmış və minalanmış ərazidə baş tutdu. Hazırda bu ərazi minalardan tam təmizlənib. ANAMA-nın və burada fəaliyyət göstərən müvafiq qurumların əməkdaşları həmin ərazini təhlükəsiz və ağac əkmək üçün yararlı hala gətiriblər. Həmin qurumlara minnətdarlığımı bildirirəm”.

Vaxtilə Laçında 33 min hektara yaxın meşə fondu ərazisinin mövcud olduğunu vurğulayan nazir müavini digər rayonlarda olduğu kimi, Laçında da meşə fondu ərazisinin bir neçə min hektarının erməni vandalları tərəfindən “yaşıl soyqırımı”na məruz qaldığını diqqətə çatdırıb. Onun sözlərinə görə, burada vaxtilə Laçın Dövlət Təbiət Yasaqlığı da fəaliyyət göstərib. Həmin yasaqlığın da fauna və florasına ciddi zərbələr vurulub.

“Ətraf mühitin bərpası tədbirlərinin miqyasını genişləndirməklə vurulan yaralara məlhəm olmaq, təbiətimizin sağlamlaşdırılmasını daha da tezləşdirmək istəyirik. Dövlət başçısının tapşırığına uyğun olaraq “Böyük Qayıdış”ın tərkib hissələrindən biri də məhz ətraf mühitin bərpası istiqamətində görülən işlərdir. Tezliklə bu torpaqların sakinləri öz yurdlarına qayıdacaqlar. İstəyirik ki, onlar qayıdana qədər müvafiq işləri vaxtında görək. Odur ki, bərpa, yenidənqurma işlərinin günbəgün miqyası genişlənir”, - deyə F.Əliyev qeyd edib.

Qubadlı rayon polis şöbəsinin ictimai təhlükəsizlik bölməsinin rəisi, polis mayoru Vahid Kərimov öz şərəfli və çətin peşələri ilə, işğaldan azad edilmiş ərazilərdə xidmət etməkdən qürur duyduğunu bildirib. Mayor Laçının düşmən əsarətindən xilas edilməsi münasibətilə keçirilən ağacəkmə aksiyasına qoşulmaqdan məmnunluğunu ifadə edib: “Rayonlarımızın dirçəldilməsi məqsədilə keçirilən tədbirlərdə iştirak etməkdən məmnunuq. İctimai asayişi və təhlükəsizliyi qorumaqla yanaşı, təbiətin mühafizəsi, ətraf mühitin bərpası tədbirlərinə töhfə verməyə daim hazırıq”.

Təxminən bir ilə yaxındır Laçında xidmətini davam etdirən Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin zabiti, kapitan Cavad Əmirov azad edilmiş torpaqlarımızda xidmət etməkdən qürur duyduğunu bildirib: “Laçın rayonunun çox əsrarəngiz təbiəti var. Təəssüf ki, işğalçılar digər rayonlarımız kimi, Laçının da ətraf mühitinə xeyli ziyan vurublar. Ermənilərin təbiətimizə vurduğu zərərləri aradan qaldırmağa kömək etmək məqsədilə ağacəkmə aksiyasında biz də fəal iştirak edirik. Çox istərdik ki, Laçının təbiəti əvvəlki görkəminə qayıtsın və biz də burada pay sahibi olaq. Ağacəkmə kampaniyasında iştirak isə biz tərəfdən bu istiqamətdə kiçik bir töhfə oldu”.

Dağların qoynunda yerləşən Laçın təbiətinə duyduğumuz heyranlıq və gözəl təəssüratlarla geri döndük. Amma buraya da yaşıl qələmlə öz imzamızı atmağı unutmadıq. Xeyirli-uğurlu olsun...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.