REGİONLAR
Laçında doğulmuşdu, o torpaqda da şəhidlik zirvəsinə ucaldı VİDEO
Şəmkir, 11 oktyabr, Ruslan Novruzoğlu, AZƏRTAC
Vətən müharibəsi şəhidi, əslən Laçından olan polkovnik-leytenant Rəşad Sadıqovun bu gün doğum günüdür. Ömrünü hərb sahəsinə həsr edən zabitimizin ən böyük arzusu düşmən işğalında olan torpaqlarımızı azad etmək idi.
AZƏRTAC xəbər verir ki, Rəşad Sadıqov 1978-ci il oktyabrın 11-də Laçın rayonunda anadan olub. 1992-ci ilin mayında Laçın şəhəri Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunanda Sadıqovlar ailəsi Şəmkir şəhərinə köçüblər. Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində hərbi təhsil alan Rəşad müxtəlif illərdə Azərbaycan Silahlı Qüvvələrinin bir sıra hərbi hissələrində, Naxçıvan şəhərində Heydər Əliyev adına Hərbi Liseydə, sonra isə Naxçıvan şəhərində Hərbi Komissarlıqda və Hərbi Hospitalda xidmət edib.
Azərbaycan Ordusunun polkovnik-leytenantı Rəşad Sadıqov 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində Cəbrayıl, Qubadlı və Laçının azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. “Döyüşlərə böyük ruh yüksəkliyi ilə qatılmışdı. Sevinə-sevinə deyirdi ki, Qubadlını, Cəbrayılı azad etdik. Hər dəfə atasına xoş xəbərlər çatdırardı. Bir gün axşam Rəşad zəng etmişdi. Dedi, atama de ki, Həkəri çayı bizdədir, əlimi o çayda yudum. Tezliklə Laçın da azad olunacaq”, – deyə şəhidin anası Fəlakət Hüseynova bildirib.
Rəşad Sadıqov oktyabrın 30-da Laçın döyüşləri zamanı şəhid olub. Atası Rəşadın şəhidlik zirvəsinə ucalmasından 13 gün sonra vəfat edib. Onun indi Vətənə əmanət iki övladı var. Yeddinci sinifdə oxuyan oğlu Nihad atası ilə fəxr etdiyini deyir: “Nə qədər qəmgin olsam da, mən həmişə atamla fəxr etmişəm. Atam həmişə mənim fəxrim olmuşdur. Telefonla bizimlə danışanda hər dəfə qələbə xəbərini deyirdi”.
“Rəşad Laçının Giləbürd kəndindən bir az yuxarı, Fərəcan kəndində şəhidlik zirvəsinə ucaldı. Özünün seçdiyi həyat yolunda şəhadətə yüksəldi. Laçında doğulmuşdu, oraya da bizdən qabaq getdi”, - deyə əmisi Sadıq Həsənov söyləyib.
Şəhid polkovnik-leytenant xidməti dövründə 14 medala layiq görülüb. Rəşad, o cümlədən Cəbrayılın, Qubadlının və Laçının azad olunmasına görə medalları ilə təltif edilib. O, Şəmkirin Çaparlı kəndində dəfn olunub.