REGİONLAR
“Laçında xalq oyunları və meydan tamaşaları” kitabı təqdim edilib
Ağcabədi, 14 mart, AZƏRTAC
Ağcabədi rayonunun Taxtakörpü ərazisində yerləşən Laçın rayon 37 nömrəli tam orta məktəbdə “Laçında xalq oyunları və meydan tamaşaları” kitabının təqdimatı keçirilib. Azərbaycan Gənclər Fondunun 11-ci qrant müsabiqəsinin qaliblərindən olan “Laçında xalq oyunları və meydan tamaşaları” layihəsi çərçivəsində nəşr edilən kitabda, hazırda Ermənistan silahlı birləşmələrinin işğalı altında olan Laçın rayonunda xalqımızın adət-ənənələrini, etnoqrafiyasını özündə yaşadan xalq oyun və meydan tamaşaları haqqında məlumatlar əks olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ictimaiyyət nümayəndələrinin, ziyalıların, məktəbin müəllim və şagirdlərinin iştirak etdiyi mərasimdə layihənin rəhbəri Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetin tələbəsi Vüsalə Musazadə çıxış edərək, layihə və kitab haqqında geniş məlumat verib. Bildirib ki, layihənin əsas məqsədi Laçın rayonu ərazisində oynanılmış xalq oyun və tamaşaları haqqında məlumatları ictimaiyyətə, xüsusən də gənc nəslə çatdırmaqdır.
“Azərbaycanın folklor xəritəsində Qarabağda xalq oyunları və meydan tamaşaları aparıcı yer tutur. Kitabda toplanan oyunların əksər hissəsi uşaqlara aid olsa da, təəssüf ki, bu gün məktəblilərin çoxunun onlardan xəbəri yoxdur. Əsas məqsəd də tarixi çox qədimlərə gedib çıxan bu folklor nümunələrini yaşatmaqdır”, – deyə Vüsalə Musazadə qeyd edib.
Çıxış edənlər diqqətə çatdırıblar ki, xalq oyun və tamaşaları ilə bağlı müəyyən tədqiqatlar olsa da, azlıq təşkil edir. Odur ki, bu sahədə tədqiqatın davam etdirilməsi və gənclərə çatdırılması həm tariximizin öyrənilməsi, həm də uşaq və gənclərin asudə vaxtlarının səmərəli təşkili baxımından çox vacibdir.
Tədbirin sonunda kitabla bağlı fikir mübadiləsi aparılıb, iştirakçılara “Laçında xalq oyunları və meydan tamaşaları” kitabı və eyniadlı buklet təqdim edilib.