SİYASƏT
Laçının azad olunması ilə Azərbaycan üçün yeni dövr başlayır
Bakı, 1 dekabr, AZƏRTAC
Bu gün Laçın işğaldan azad olundu. Laçının azad olunması ilə Azərbaycan üçün yeni dövr başlayır - yeni quruculuq, inkişaf, azad edilmiş ərazilərimizin bərpası dövrü. İnanıram ki, Azərbaycan xalqı bu dövrdə də birlik, həmrəylik, güclü iradə göstərəcək. Xalqımız yenə də birləşərək dağıdılmış bu şəhərləri, kəndləri bərpa etmək üçün əlindən gələni edəcəkdir.
Bu münasibətlə bütün laçınlıları, xalqımızı təbrik edirəm, “Gözünüz, gözümüz aydın olsun!” deyirəm. Artıq heç bir azərbaycanlı qaçqın deyil, onlarla yanaşı, biz də doğma torpaqlarımıza qovuşduq. Biz bütövləşdik, vahid olduq. Bu gün torpaqlarımızın işğaldan azad olunması prosesi başa çatır. Bundan sonra daha çətin, uzun və gərgin bir mərhələ başlayır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova söyləyib.
Komitə sədri bildirib ki, mənfur düşmən şəhər və kəndlərimizi yerlə-yeksan edib, yeraltı və yerüstü sərvətlərimizi talayıb, ekoloji terror törədib, mədəni, tarixi, dini irsimizi dağıdıb. Bu cinayətlərə görə düşmən məsuliyyət daşımalı, layiq olduğu cəzanı almalıdır. Ölkəmizə vurduğu ziyana görə təzminat ödəməlidir. Əlbəttə ki, bu gün hər birimiz həmin torpaqlara can atırıq, Qarabağın havasını udmaq istəyirik. Artıq tikinti-bərpa işlərinə başlanılıb, dağıdılan hər bir yer yenidən inşa edilir. İşğal olunmuş ərazilərimizdə meşələr və yaşıllıqlar təkrar canlandırılacaq və o yerlər öz əsrarəngiz, göz oxşayan təbiətinə qovuşacaq.
Hicran Hüseynova bildirib ki, Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi ilə bu illər ərzində ölkəmizdə sistemli siyasət həyata keçirilməklə güclü iqtisadiyyat yaradılıb, qüdrətli ordu formalaşdırılıb, xarici ölkələrdə uğurlu diplomatik münasibətlər və əməkdaşlıq qurulub. 1992-1993-cü illərdə xalqımız bütövlükdə “uduzmuş xalq” sindromunu yaşayırdı, bu gün artıq xalqımız qalibdir, özünə, dövlətinə, ordusuna bütün varlığı ilə inanır. Qarabağa yenidən həyat qayıdır. Başımızın tacı olan hər qarış torpağımızı göz bəbəyi kimi qorumalıyıq. Bundan sonra hər sabahımız bütöv Azərbaycana açılacaq. Qələbəmiz mübarək olsun! Qarabağ Azərbaycandır!