REGİONLAR


Laçınlı arıçılara 63 min 650 manat subsidiya ödənilib

Ağcabədi, 23 yanvar, Tahir Ağaməmmədov, AZƏRTAC

Nazirlər Kabinetinin təsdiq etdiyi “Arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə subsidiya verilməsi Qaydası”na əsasən laçınlı arıçıların saxladıqları pətəklərin identikləşdirilməsi davam edir.

Laçın Dövlət Aqrar İnkişaf Mərkəzinin sektor müdiri Saleh Məmmədov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, bu günədək Ağcabədi rayonunda məskunlaşan laçınlı arıçıların təsərrüfatlarında olan arı ailələrinin idendikləşdirilməsi başa çatıb. 197 arıçının saxladığı 3514 pətək identifikasiya kodu ilə təmin edilib. Respublikanın digər rayonlarında fəaliyyət göstərən laçınlı arıçıların sənədlərinin isə həmin rayonların Dövlət Aqrar İnkişaf Mərkəzləri tərəfindən tərtib edilməsi davam etdirilir. Artıq bu günədək müxtəlif regionlarında fəaliyyət göstərən 288 arıçıya 6365 arı ailəsinə görə 63 min 650 manat, o cümlədən Ağcabədi rayonunda məskunlaşan 192 laçınlı arıçıya 3384 arı ailəsinə görə 33 min 840 manat subsidiya ödənilib.

Qeyd edək ki, respublikamızda arıçılığın inkişaf etdiyi bölgələrdən biri də Laçın rayonu idi. Füsunkar təbiəti, əlverişli iqlimi, zəngin bitki örtüyü burada arıçılığın inkişafını şərtləndirirdi. 1992-ci ildə rayonun Ermənistan silahlı birləşmələri tərəfindən işğal edilməsi digər sahələrlə yanaşı arıçılığa da zərbə vurdu. İşğal nəticəsində rayonun digər sərvətləri kimi, minlərlə arı ailəsi də erməni qəsbkarları tərəfindən talan edildi. Buna baxmayaraq, ölkəmizin müxtəlif bölgələrində məskunlaşan laçınlı məcburi köçkünlər arıçılıq təsərrüfatlarını yenidən quraraq ata-babadan qalan bu sahəni yaşatmaqdadırlar. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında arıçılığın inkişafının stimullaşdırılması haqqında” 2018-ci il 5 mart tarixli Sərəncamı rayonda arıçılığın inkişafına yeni təkan verib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.