Laçınlı gənc: Doğma rayona gedəcəyim günü səbirsizliklə gözləyirəm
AzerTAg.az
Bakı, 1 dekabr, AZƏRTAC
Mən Laçını görməmişəm. Lakin valideynlərimin, ailə üzvlərimin söhbətindən onun haqqında çox eşitmişəm. Həmişə arzulamışam ki, uca dağlar diyarında yerləşən doğma rayonu görmək mənə də nəsib olsun. Açığını deyim ki, bu arzu bir qədər əlçatmaz görünürdü. Atalar yaxşı deyiblər: “Niyyətin hara, mənzilin də ora”. Bu arzuma çatdığıma görə indi çox xoşbəxtəm. Doğmalarımla birlikdə Laçına gedəcəyim günü səbirsizliklə gözləyirəm.
AZƏRTAC xəbər verir ki, bu sözləri dekabrın 1-də Laçın rayonunun düşməndən azad olunması münasibətilə Şəhidlər xiyabanına üz tutan ziyarətçilərdən biri Münasib Lətifov deyib.
Ziyarətçi daha sonra deyib: “Xalqımızın qəhrəmanlıq tarixi haqqında çox eşitmiş, bədii əsərlərdə oxumuş, filmlərdə izləmişəm. Bu gün Cəbrayılı, Füzulini, Zəngilanı, Qubadlını düşmən əsarətindən xilas edən, Hadruta, Suqovuşana, Şuşaya bayraq sancan, bir güllə belə atmadan Ağdamı, Kəlbəcəri və Laçını erməni quldurlarından təmizləyən igid əsgərlərimiz onların layiqli varisi olduqlarını bir daha sübut etdilər. Biz hamımız 44 gün davam edən döyüş əməliyyatlarında iştirak edən bütün əsgər və zabitlərimizə, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevə minnətdarıq”.
Xəbərin mətnində orfoqrafik səhv var