REGİONLAR
Laçınlı gənc: Torpaqlarımızın azadlığı uğrunda döyüşlərdə iştirak etdiyimə görə xoşbəxtəm

Ağcabədi, 18 may, Tahir Ağaməmmədov, AZƏRTAC
Laçınlı gənc olaraq torpaqlarımızın azad edilməsi uğrunda döyüşlərdə iştirak etdiyim üçün özümü xoşbəxt hiss edirəm.
Bu sözləri AZƏRTAC-ın bölgə müxbiri ilə söhbətində Laçın rayonu Ərdəşivi kənd sakini Rəşad Əhmədov deyib. Laçınlı gənc bildirib ki, doğma yurdu işğal ediləndə 2 yaşı olub. Valideynlərinin Laçınla bağlı xatirələrini dinləyə-dinləyə böyüyüb. Ən böyük arzusu isə torpaqlarımızın işğaldan azad edilməsi, ata-baba yurduna qayıtmaq olub: "29 il məcburi köçkün kimi Ağcabədi rayonunun Taxtakörpü ərazisində məskunlaşmışıq. Torpaqlarımızın işğal altında qalması bizi üzürdü. Nəhayət ki, 2020-ci ilin sentyabrında ordumuzun əks hücumu ilə başlayan Vətən müharibəsi yaralarımıza su səpdi. İllərdir səbirsizlikə gözlədiyimiz gün gəlib çatmışdı. Mən də könüllü olaraq ordu sıralarına yazıldım və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlərə qatıldım. Döyüşlərdə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyünü təmin etdik. Həm Birinci Qarabağ müharibəsində, həm də Vətən müharibəsində şəhid olan soydaşlarımızın qisasını aldıq. Bu Zəfərə görə Ali Baş Komandana laçınlı gənc kimi minnətdarlığımı bildirirəm".
Rəşad Əhmədov bu gün hər bir laçınlının böyük sevinc və iftixar hissi keçirdiyini bildirib: "Bizim üçün böyük xoşbəxtlikdir ki, artıq mayın 18-ni Laçının işğal günü kimi qeyd etmirik. Torpaqlarımız işğaldan azad olunub. Qarabağ münaqişəsi qurtarıb. Artıq biz Qarabağın dirçəldilməsi üçün çalışacağıq. Ali Baş Komandanın dediyi kimi, biz Qarabağı cənnətə çevirəcəyik".