REGİONLAR
Laçınlı məcburi köçkünlər icbari tibbi sığorta barədə məlumatlandırılıblar
Ağcabədi, 16 yanvar, AZƏRTAC
Laçınlı məcburi köçkünlərin məskunlaşdıqları Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində “Ölkə üzrə icbari tibbi sığorta sisteminin tətbiqi” mövzusunda maarifləndirici tədbir keçirilib. Laçın Rayon İcra Hakimiyyəti və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə məqsəd əhalini icbari tibbi sığorta sistemi, sistemin üstünlükləri, ölkə üzrə icbari tibbi sığortanın tətbiqinə hazırlıq barədə məlumatlandırmaq olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Laçın Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aynurə Həsənova tədbirdə çıxış edərək, ölkəmizdə son illər səhiyyə sistemində aparılan uğurlu islahatlardan danışıb. Bildirib ki, əhalinin sağlamlığının qorunması və göstərilən tibbi xidmətlərin keyfiyyətinin artırılması məqsədilə cari ildən ölkə üzrə icbari tibbi sığortanın geniş tətbiqi nəzərdə tutulub.
Tədbirdə Laçın Rayon Mərkəzi Xəstəxanası Publik hüquqi şəxsin baş direktoru Güllü İbadova ölkəmizin səhiyyə sistemində aparılan islahatlar, tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, icbari tibbi sığortanın uğurlu tətbiqinə başlanılmasından danışıb. İcbari tibbi sığortanın tətbiqi ilə əlaqədar rayon səhiyyəsində görülmüş hazırlıq işləri və sistemin üstünlükləri barədə ətraflı məlumat verib.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin əməkdaşı Elvin Abbasov icbari tibbi sığorta sisteminin mahiyyəti, xidmətlər zərfi, sığorta haqları barədə ətraflı bəhs edib. Bildirilib ki, baza hissəyə aid olan ilkin səhiyyə xidməti, təcili və təxirəsalınmaz tibbi yardım xidmətindən istifadə bütün vətəndaşlar üçün ödənişsizdir. Xidmətlər zərfinin əlavə hissəsinə aid olan ixtisaslaşdırılmış tibbi yardımdan istifadə etmək üçün isə sığortahaqqı ödənilməlidir. İmtiyazlı əhali qrupları sığorta haqqından azaddırlar.
Sonda vətəndaşları maraqlandıran suallar Agentliyin əməkdaşı tərəfindən cavablandırılıb.