REGİONLAR
Laçınlı məcburi köçkünlər kütləvi tibbi müayinələrin təşkilindən razıdırlar
Ağcabədi, 16 fevral, Tahir Ağaməmmədov, AZƏRTAC
Prezident İlham Əliyevin tapşırığına əsasən ölkənin bütün vətəndaşları kimi laçınlı məcburi köçkünlərin də kütləvi tibbi müayinədən keçirilməsi uğurla davam edir.
Laçın Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Güllü İbadova AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, sakinlər müxtəlif ixtisaslı həkimlər tərəfindən müayinə olunur, ehtiyac olduqda kardioqram, ultrasəs və digər müayinələrdən keçirilir. Bu günədək müayinədən keçən 241 nəfər sakindən 94-ü ambulator müalicəyə cəlb edilib, 11 nəfər isə müalicə üçün respublikamızın ixtisaslaşmış xəstəxanalarına göndərilib.
Bundan başqa, həkim briqadaları tərəfindən Taxtakörpü ərazisindəki obalarda yaşlılara və yataq xəstələrinə tibbi xidmət göstəriləcək.
Prezident İlham Əliyevin Azərbaycanın hər bir vətəndaşının sağlamlığına diqqəti və qayğıkeş münasibəti laçınlı məcburi köçkünlər tərəfindən minnətdarlıqla qarşılanır. Ağcabədi rayonunun Taxtakörpü ərazisindəki Laçın rayon poliklinikasında müayinədən keçən Düşərgə qəsəbə tam orta məktəbinin müəllimləri Ramil Allahverdiyev və Süleyman Şahverdiyev AZƏRTAC-ın bölgə müxbiri ilə söhbətlərində aksiyanın təşkilindən, həkim heyətindən, yaradılan şəraitdən razılıq edib, əhalinin sağlamlığının qeydinə qaldığı üçün Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.