REGİONLAR
Laçınlı məcburi köçkünlər qanvermə aksiyasına qoşulublar
Ağcabədi, 22 may, AZƏRTAC
Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar ölkədə xüsusi karantin rejiminin tətbiq olunduğu müddətdə talassemiya və hemofiliya, eləcə də leykoz xəstəliklərindən əziyyət çəkən uşaqlar üçün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə keçirilən qanvermə aksiyasına laçınlı məcburi köçkünlər də qoşulublar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Ağcabədi rayonunun Taxtakörpü ərazisindəki 552 ailəlik köçkün qəsəbəsində qanvermə aksiyası keçirilib. Aksiyada Laçın Rayon İcra Hakimiyyətinin, eləcə də rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların işdə olan və sağlamlığı imkan verən əməkdaşları könüllü olaraq iştirak ediblər.
Mərkəzi Qan Bankının Bərdə regional bölməsinin peşəkar həkim kollektivi tərəfindən həyata keçirilən xeyirxah aksiya zamanı 33 nəfər könüllü qan verib.
Toplanan qan laboratoriya müayinəsindən keçirildikdən sonra irsi qan xəstəliklərindən əziyyət çəkən insanların müalicəsində istifadə olunacaq.