REGİONLAR
Laçınlı məcburi köçkünlər üçün modul tipli iki məktəb binası quraşdırılır
Ağcabədi, 11 dekabr, AZƏRTAC
Laçınlı məcburi köçkün məktəblilər üçün Ağcabədi və Bərdə rayonları ərazisində modul tipli iki məktəb binası quraşdırılır. Binaların tikinti-quraşdırma işləri Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında" 2019-cu il 10 iyun tarixli Sərəncamı ilə ayrılan vəsait hesabına həyata keçirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Hacılar kənd tam orta məktəb üçün quraşdırılan bina 56, Qazaxlar ümumi orta məktəbi üçün qurulan bina isə 40 şagird yerlikdir. Tikinti-quraşdırma işlərinin tezliklə başa çatdırılması nəzərdə tutulur. Məktəblər müasir avadanlıqlar və mərkəzləşdirilmiş istilik sistemi ilə təmin ediləcək, həyətlərində abadlıq işləri aparılacaq, yaşıllıqlar salınacaq.
Modul tipli məktəblərin üstünlüyü onların azməsrəfli olması ilə yanaşı, qısa müddət ərzində istənilən relyefdə quraşdırılması, asan daşınması, sinif otaqlarının sayının şagirdlərin sayına uyğun olaraq rahatlıqla azaldılıb-artırılmasıdır. Modul tipli məktəblərin tikintisində əsasən yerli istehsal məhsullarında istifadə edilir.