REGİONLAR


Laçınlı məcburi köçkünlərin məskunlaşdıqları Taxtakörpü ərazisində abadlıq-quruculuq işləri davam etdirilir

Ağcabədi, 23 oktyabr, Tahir Ağaməmmədov, AZƏRTAC

Laçınlı məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları Ağcabədi rayonu ərazisindəki Taxtakörpü qəsəbəsində abadlıq-quruculuq işləri davam etdirilir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, cari ildə Taxtakörpü qəsəbəsindəki Heydər Əliyev adına meydanda və parkda əsaslı abadlıq-quruculuq işlərinə başlanılıb. Laçın Rayon İcra Hakimiyyətinin inzibati binası önündə ucaldılmış ulu öndər Heydər Əliyevin büstünün ətrafına mərmər üzlük döşənib, ərazidə 23,5 metr hündürlükdə bayraq dirəyi quraşdırılaraq ətrafında abadlıq işləri aparılıb. Heydər Əliyev meydanında şəbəkə tipli giriş qapısı inşa edilib, ərazinin işıqlandırılması üçün işıq dirəkləri quraşdırılıb. Meydanın ərazisinə 1800 kvadratmetr tamet döşənib. Hazırda ərazidə abadlıq işləri davam etdirilir.

Taxtakörpü ərazisindəki idarə və müəssisələrin inzibati binalarının fasad hissələri təmir edilərək rənglənib. Ərazidə yaşıllaşdırma işləri aparılıb, 1900-dən çox gül-çiçək əkilib. Qayğı qəsəbələrinin daxili yollarına və küçələrə qum-çınqıl qarışığı tökülərək hamarlanıb. Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun xətti ilə 10 min nəfərdən çox rayon sakininin müvəqqəti məskunlaşdığı Ərdəşəvi-2 obasında 10,8 kilometr, Qarakeçdi-Şəlvə layihəsi üzrə 14,5 kilometr, Ərdəşəvi, Fingə, Mişni obaları üzrə isə 30,9 kilometr uzunluğunda çınqıl örtüklü avtomobil yollarında əsaslı bərpa və təmir işləri aparılıb. Yaxın vaxtlarda Vağazin-Mal yatağı-Qarağac obaları, Qarıqışlaq, Qılışlı, Ağbulaq-1, Ağbulaq-2 və Hacılar, Sadınlar layihələri üzrə avtomobil yollarının da təmirinə başlanılması nəzərdə tutulub.

Taxtakörpü ərazisində müvəqqəti məskunlaşmış məcburi köçkün ailələri üçün bütün zəruri sosial-texniki infrastruktura malik yeni qəsəbələrin tikintisinə başlanılıb. Ərazidə xalça istehsalı müəssisəsinin də inşa edilməsi nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.