REGİONLAR
Laçınlı məcburi köçkünlərin saxladıqları mal-qaraya baytarlıq baxışı keçirilir
Bakı, 27 dekabr, AZƏRTAC
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin Laçın Rayon Baytarlıq İdarəsinin baytar həkim briqadası tərəfindən Laçından olan məcburi köçkünlərin saxladıqları mal-qaraya baytarlıq baxışı keçirilir. Baytarlıq baxışı zamanı heyvanlar müayinə edilir, aşkarlanan xəstəliklərə qarşı müalicə tədbirləri görülür.
Dövlət Baytarlıq Xidmətindən AZƏRTAC-a bildiriblər ki, epizootik sabitliyin qorunması və zoonoz xəstəliklərin qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlərlə əlaqədar laçınlılara məxsus mal-qara saxlanılan binaların dezinfeksiyası və dezinseksiya işləri aparılıb. Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində və respublikanın əksər rayonunda məskunlaşan laçınlılara məxsus iri və xırdabuynuzlu heyvandarlıq təsərrüfatlarına qışlamaya hazırlıq çərçivəsində mütəmadi baytarlıq baxışı keçirilir. Cari ildə 10 sahə baytarlıq məntəqəsi vasitəsilə 75 tövlə və tövləətrafı ərazidə 21187 kvadratmetr sahədə dezinfeksiya işləri aparılıb. Həmçinin qışlamaya hazırlıqla əlaqədar təsərrüfatlarda olan tövlələr, qoyun damları və quzu küzləri sahibkarlar tərəfindən mexaniki təmizləndikdən sonra dezinfeksiya olunub, qoyunların qoturluq xəstəliyi əleyhinə profilaktik məqsədlə çimizdirmə işləri aparılıb.
Həmçinin rayonun baytar mütəxəssisləri tərəfindən təsərrüfat sahiblərinə və sakinlərə heyvanların yemlənməsi və bəslənməsində zootexniki qaydalara əməl edilməsinə dair tövsiyələr verilib.
Rayonun baytar həkimləri təsərrüfatlarda saxlanan heyvanlar və quşlar arasında profilaktik peyvəndləmə tədbirləri və diaqnostik müayinələri də icra ediblər.
Cari ildə həssas heyvanlar arasında bruselyoz xəstəliyini aşkar etmək, xəstəliklərin yayılmasının qarşısını almaq məqsədilə 3506 baş iribuynuzlu heyvandan burselyoz xəstəliyinə görə qan nümunələri alınaraq müayinə edilib. Eləcə də 2407 baş qoçda infeksion epidedimitə görə seroloji, 3284 baş iribuynuzlu heyvanda vərəmə görə allergik, 600 baş təkdırnaqlı heyvanda malleinizasiya müayinələri aparılıb və yoluxma aşkarlanmayıb.
Həmçinin il ərzində 37 min 3 baş iribuynuzlu, 189 min 640 baş xırdabuynuzlu, 1403 baş təkdırnaqlı heyvanda qarayara, 45 min 918 baş iribuynuzlu heyvanda, 94 min 666 baş xırdabuynuzlu heyvanda dabaq, 2828 baş sahibli itdə quduzluq, 123 min 14 baş qoyunda çiçək, 4850 baş 3-8 aylıq dişi iribuynuzlu, 17 min 995 baş xırdabuynuzlu heyvanda bruselyoz, 12 min 948 baş iribuynuzlu heyvanda leptopiroz, 34 min 158 baş iribuynuzlu heyvanda nodulyar dermatit, ev quşları arasında nyukasl xəstəliyinə qarşı 493 min 735 baş quşda "H", 410 min 546 baş quşda "La-sota" vaksini ilə peyvəndləmə tədbirləri aparıb.
Rayon əhalisinə məxsus heyvanlarda invazion xəstəliklər əleyhinə tədbirlər də icra edilib.
Laçın Rayon Baytarlıq İdarəsinin əməkdaşları məcburi köçkünlərin saxladıqları heyvanlar arasında profilaktik peyvəndləmə, diaqnostik müayinə, heyvanlar arasında müalicə, heyvanlar saxlanan obyektlərdə dezinfeksiya və dezinseksiya tədbirləri aparmaqla yanaşı, mütəmadi olaraq fermerlər, heyvan sahibləri arasında heyvanların saxlanması, yemləndirilməsi və xəstəliklərdən qorunması mövzularında maarifləndirmə və təbliğat işləri də həyata keçirir.