REGİONLAR


Laçınlı məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılması diqqət mərkəzindədir

Ağcabədi, 12 iyul, Tahir Ağaməmmədov, AZƏRTAC

Laçınlı məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılması, problemlərinin öyrənilməsi və vaxtında həll olunması daim diqqət mərkəzində saxlanılır. 2018-ci ilin birinci yarısında laçınlı məcburi köçkünlərin məskunlaşdıqları şəhər və rayonlarda 19 səyyar qəbul keçirilib. 1552 nəfərin iştirak etdiyi bu qəbullarda 157, rayon icra hakimiyyəti başçısı aparatında isə 1266 sakinin müraciəti dinlənilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə Ağcabədi rayonu ərazisindəki Taxtakörpü qəsəbəsində yerləşən Laçın Rayon İcra Hakimiyyətində 2018-ci ilin birinci yarımilinin sosial-iqtisadi yekunlarına həsr olunan yığıncaqda məlumat verilib. Yığıncaqda görülən işlər və qarşıda duran vəzifələr barədə məruzə dinlənilib.

Bildirilib ki, Taxtakörpü ərazisində abadlıq-quruculuq işləri davam etdirilib. Ərazidəki avtomobil yollarının 12,5 kilometr hissəsində təmir işləri aparılıb. Azərbaycan Prezidentinin müvafiq Sərəncamına əsasən Qayğı qəsəbəsi ərazisində 54 ailənin yaşadığı evlərin qazlaşdırılmasına başlanılıb. Əhalinin içməli suya olan tələbatını ödəmək məqsədilə Mişni nasos stansiyasında təmir işləri aparılıb, Mişni-Mayis, Taxtakörpü-Qarakeçdi, Kür çayı - Mişni magistral su xətlərinin 60 paqonmetr hissəsi yenisi ilə əvəz olunub, obalarda və qəsəbələrdə daxili su xətləri təmir edilib. 37 ailəlik qəsəbədə istismar müddəti başa çatmış metal borular polipropilen boru ilə əvəz edilib, bütün abonentlərə sayğac qoyulub. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xətti ilə Ağbulaq, Sadınlar və Fingə obalarında 256 ailə 977 nəfər əhalinin içməli su ilə təminatının yaxşılaşdırılması üçün modul tipli sutəmizləyici qurğular quraşdırılıb.

Taxtakörpü ərazisində məskunlaşmış köçkün ailələrini fasiləsiz elektrik enerjisi ilə təmin etmək üçün 0,4 və 10 kilovoltluq hava xətlərində cari təmir işləri görülüb, 10 min 350 metr naqil yenisi ilə əvəz olunub. Qayğı qəsəbəsində, Vağazin, Qarakeçdi, Şeylanlı, Fingə, Ağbulaq, Ərdəşəvi, Arduşlu, Nurəddin obalarında 202 dayaq dəyişdirilib, Vağazin, Hacılar, Əhmədli, Malıbəy obalarında 100 kilovoltluq, Cağazur obasında 63 kilovoltluq transformator yenisi ilə əvəz edilib. Alxaslı obasında elektrik xətlərində əsaslı təmir işi görülüb, 30 ədəd 10 kilovoltluq beton dirək və 30 ədəd 0,4 kilovoltluq dayaq basdırılıb, 5 min metr naqil dəyişdirilib, 250 kilovoltluq transformator qoyulub.

Yığıncaqda diqqətə çatdırılıb ki, Laçın rayon əhalisi əsasən heyvandarlıq və bitkiçiliklə məşğul olur. Hesabat dövründə əhali və fermer təsərrüfatlarında 34 min 752 baş iribuynuzlu, 181 min 986 baş xırdabuynuzlu heyvan olub. Bu dövrdə 1072 ton ət, 8162 ton süd və 1 milyon 866 min ədəd yumurta istehsal olunub. Taxtakörpü ərazisində taxılçılıqla məşğul olan məcburi köçkünlər 2439,1 ton məhsul əldə ediblər. Bundan başqa, bu il ilk dəfə olaraq ipəkqurdu bəsləyən laçınlı məcburi köçkünlər 1 ton 67 kiloqram barama tədarük ediblər.

Məruzə və çıxışlarda görülmüş işlərlə yanaşı mövcud problem və çatışmazlıqlar da qeyd olunub, qarşıda duran vəzifələrdən danışılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.