REGİONLAR
Laçınlı ziyalı: Doğma yurdumuza qayıdacağımız günü səbirsizliklə gözləyirik

Ağcabədi, 18 may, Tahir Ağaməmmədov, AZƏRTAC
Laçın rayonu respublikamızın ən gözəl, füsunkar guşələrindən biridir. Sanki ana təbiət bu diyarın gözəlliyi üçün heç nəyi əsirgəməyib. Saf iqlimi, uca dağları, zəngin meşələri, buz kimi bulaqları, geniş yaylaları ilə könül oxşayan rayonun təbiəti ilin bütün fəsillərində insanı valeh edir. Belə bir diyarda yaşamaq böyük xoşbəxtlik idi. Təəssüf ki, Ermənistanın təcavüzü nəticəsində Laçın rayonunun sakinləri illərdir doğma yurdlarından kənarda köçkünlük həyatı yaşamağa məcbur olub. Artıq bu həsrətə son qoyulub. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin siyasəti nəticəsində Laçın bir şəhid vermədən işğaldan azad edilib. Daha 18 may tarixi hüzn və kədərlə anılmayacaq. İllərdir doğma yurd həsrəti ilə yaşayan laçınlılar indi ata-baba torpaqlarına qayıtmağa hazırlaşır, o günü səbirsizliklə gözləyirlər.
Bu fikri Laçın rayon ziyalısı Məhəmməd Şahbazov AZƏRTAC-ın bölgə müxbiri ilə söhbətində bildirib.
M.Şahbazov ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycandakı ağır ictimai-siyasi vəziyyəti xatırlayaraq deyib: "Həmin illərdə respublikamızda özbaşınalıq, hərc-mərclik, xaos, anarxiya hökm sürürdü. O vaxtkı ölkə rəhbərliyinin səriştəsizliyi ucbatından az qala dövlət müstəqilliyimizi itirmək təhlükəsi yaranmışdı. Vahid ordu, komandanlıq yox dərəcəsində idi. Belə bir vaxtda Laçın camaatı demək olar ki, əliyalın vəziyyətdə iki cəbhədə - həm Ermənistan ordusu ilə, həm də Qarabağdakı erməni separatçıları ilə vuruşurdular. Belə bir çətin vaxtda rayona heç bir kömək olunmur, mərkəzdə hakimiyyət uğrunda mübarizə gedirdi. Erməni quldur dəstələri fürsətdən istifadə edərək 1992-ci ilin mayın 18-də olduqca əhəmiyyətli strateji mövqedə olan Laçın şəhərini və rayonun bütün yaşayış məntəqələrini işğal etdilər. İşğal nəticəsində rayonun əhalisi respublikamızın 58 şəhər və rayonuna səpələnərək 30 ilə yaxın dövr ərzində ağır və çətin həyat yaşamağa məcbur oldular”.
Məhəmməd Şahbazov qeyd edib ki, respublikamızın çətin vaxtlarında ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıtması ilə ölkəmiz xaosdan, vətəndaş müharibəsindən, iqtisadi tənəzzüldən xilas oldu, Azərbaycanın sabitlik və inkişafla səciyyələnən qurtuluş tarixi başladı. Həmin dövrdən etibarən qaçqın və məcburi köçkünlərin də problemləri tədricən həll olunmağa başlandı. 2003-cü ildən isə Ulu Öndərin missiyasının onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində bütün çadır düşərgələri ləğv olundu, məcburi köçkünlər hər cür şəraitə malik qəsəbələrə köçürüldü. Dövlət başçısının məcburi köçkünlərlə keçirdiyi çoxsaylı görüşlərdə bu yaşayış məskənlərinin köçkünlər üçün müvəqqəti olacağını vurğulamaqla, onların ata-baba yurdlarına dönəcəklərini bildirməsi laçınlılarda da doğma rayonlarına qayıdacaqlarına əminliyi daha da möhkəmləndirirdi.
"2016-cı ilin aprel ayında şanlı Ordumuzun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında düşmənə sarsıdıcı zərbələr endirərək Lələtəpə yüksəkliyini və bir sıra əraziləri işğaldan azad etməsi qələbəyə gedən yolu daha da yaxınlaşdırdı. Nəhayət, 2020-ci il sentyabrın 27-dən başlayan və tarixə 44 günlük müharibə kimi düşən İkinci Qarabağ müharibəsində ordumuz əks-hücum əməliyyatı ilə Ermənistanın uzun illər ərzində qurduğu mühəndis-istehkam sistemlərini yarıb keçdi. 30 ilə yaxın işğal altında qalan torpaqlarımız Ali Baş Komandanın qətiyyəti ilə və qəhrəman əsgər və zabitlərimizin qanı-canı bahasına azad edildi. Prezident İlham Əliyevin qətiyyətli siyasəti nəticəsində Ağdam, Kəlbəcər və Laçın rayonları şəhid vermədən azad edildi. Ölkəmizin bu tarixi nailiyyəti ötən dövr ərzində həm ordu quruculuğu sahəsində, həm də diplomatiya cəbhəsində görülən işlərin, beynəlxalq informasiya müstəvisində Azərbaycan reallıqlarının sistemli və məqsədyönlü şəkildə təbliğinin nəticəsidir. Azərbaycanın bu qürurverici qələbəsinin müəllifi Prezident, Ali Baş Komandan İlham Əliyevdir", - deyə laçınlı ziyalı bildirib.