REGİONLAR
Laçınlılar Böyük Qayıdış yolunda: Biz daha köçkün deyilik, Laçına qayıdırıq VİDEO
Xaçmaz, 12 noyabr, Elxan Yusifli, AZƏRTAC
Noyabrın 10-u Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqımızı Şanlı Qələbə xəbəri ilə sevindirdi. Otuz ilə yaxındır yurd həsrəti çəkən laçınlılar da doğma torpaqlarının düşmən tapdağından azad olunması xəbərini böyük sevinclə qarşılayırlar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Xaçmazın Nabran kəndindəki Xəzər Turizm Bazasının ərazisində, ümumilikdə, 50-yə yaxın laçınlı ailə məskunlaşıb. Otuz ilə yaxındır məcburi köçkünlük həyatı yaşayan laçınlılar indi doğma torpaqlarına qayıtmağa hazırlaşırlar.
Laçın şəhərinin sakini Qəndab Həsənova heç zaman doğma yurda geri dönəcəyinə ümidini itirməyib. Ali Baş Komandanın qələbə xəbərini böyük sevinc və göz yaşları ilə qarşılayıb.
“Vətən dərdi, yurd həsrəti çəkənlər yaxşı bilir ki, biz indi hansı hissləri yaşayırıq. Qələbəyə çox sevinirik. Bunu bizə yaşadanlar var olsun. Gözün aydın, Azərbaycan! Şanlı Ordumuz, Ali Baş Komandanımız sayəsində ərazi bütövlüyümüz bərpa olundu. Elə bil bizi dərin bir quyudan çıxardılar. Heç vaxt torpaqlarımızın itirilməsi ilə barışmamışıq. Bura Xəzərin sahilində sanatoriyada məskunlaşmışıq. Amma Laçınsız yaşamaq çətin idi. Azərbaycan Ordusu tarix yazdı. Biz daha köçkün deyilik, Laçına qayıdırıq”, - deyə, Qəndab Həsənova söyləyib.
Laçın şəhərinin sakini Dağbəyi Söyzalıyev bildirib ki, 39 yaşında Xaçmaza köçməyə məcbur qalıblar. Onun sözlərinə görə, Azərbaycanın hər tərəfi Vətəndir, amma doğulduğu torpaq insanı həmişə özünə çəkir: “Əhd eləmişəm ki, Laçına Qubadlı tərəfdən getsəm yurduma çatanda ayaqyalın yeriyib, torpağımı öpəcəyəm. Yox Şuşa tərəfdən getsəm, orada Fətiş bulağından su içib, dizimi yerə qoyub torpağımı öpəcəyəm. Şükür olsun ki, Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə Şanlı Ordumuz torpaqlarımızı azad etdi”.
Laçın rayonunun Hacısamlı kəndindən olan Tərxan Abdullayeva doğma yurduna basqın edən ermənilərin əlindən canını zorla qurtarıb. İndi isə həmin düşmən güclü ordumuzun sayəsində oradan çıxarılır. “Gecə yarı televizorda Ali Baş Komandandan qələbə xəbərini sevinc göz yaşları ilə izləmişəm. Prezidentimiz ulu öndər Heydər Əliyevin vəsiyyətini yerinə yetirdi, torpaqlarımızı işğaldan qurtardı. Mən Laçından qucağımda xəstə uşaqla ağlaya-ağlaya çıxmışdım. Zülmlə gəlmişdik. Sağ olsun Prezidentimiz İlham Əliyev, bizə kədəri unutdurub, sevinci yaşatdı”, - deyə Tərxan Abdullayeva söyləyir.
Qeyd edək ki, Xaçmaz rayonun Nabran istirahət zonasında laçınlılarla yanaşı, Kəlbəcər və Füzulidən olan məcburi köçkünlər də məskunlaşıb.