REGİONLAR


Laçınlılar torpaqlarımızın azadlığı uğrunda silaha sarılmağa hər an hazırdırlar

Ağcabədi, 18 may, Tahir Ağaməmmədov, AZƏRTAC

Azərbaycanın dilbər guşələrindən olan Laçın rayonunun Ermənistan silahlı birləşmələri tərəfindən işğal edilməsindən 26 il ötür.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, laçınlı məcburi köçkünlərin məskunlaşdığı Ağcabədi rayonu ərazisindəki Taxtakörpü qəsəbəsində ümumrayon mərasimi keçirilib.

Rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri, Qarabağ müharibəsi veteranları və şəhid ailələri, ağsaqqallar, gənclər Taxtakörpü qəsəbəsində şəhidlərin xatirəsinə ucaldılmış Abidə Kompleksi önünə gül-çiçək dəstələri düzərək, şəhidlərin ruhuna ehtiramlarını bildiriblər. Respublikamızın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Mərasim iştirakçıları Laçın rayonunun təbiətini, tarixi abidələrini, işğaldan əvvəlki və sonrakı görüntülərini, laçınlı məcburi köçkünlərə dövlət qayğısını əks etdirən fotostendlərlə tanış olublar.

Laçınlı məcburi köçkünlər müharibə nəticəsində nə qədər məhrumiyyətlərə məruz qalsalar da ata-baba yurdlarını - Laçını bir an belə unutmadıqlarını, Prezident İlham Əliyevin münaqişənin həlli ilə bağlı aparılan danışıqlardakı mövqeyini dəstəklədiklərini, eyni zamanda, işğal altında olan torpaqlarımızın azad edilməsi üçün Ali Baş Komandanın əmri ilə erməni faşistlərinə qarşı silaha sarılmağa hər an hazır olduqlarını bildiriblər.

Qeyd edək ki, 1992-ci il mayın 18-də erməni hərbi birləşmələri 1835 kvadratkilometr ərazisi olan Laçın rayonunu – bir şəhər, bir qəsəbə, 125 kəndi işğal edib, 60 min nəfərə yaxın sakini öz doğma torpağından didərgin salıblar. Müharibə zamanı 267 nəfər laçınlı şəhid olub, 66 nəfər girov götürülüb, 120 nəfər sağlamlığını itirib, yüzlərlə uşaq yetim qalıb. İşğal nəticəsində rayonda olan 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 96 məişət, 30 rabitə, avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri, 13 min 745 yaşayış evi talan və məhv edilib, 54 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi abidə erməni vandalizminə məruz qalıb. Ümumilikdə, işğal nəticəsində Laçın rayonuna 7,1 milyard ABŞ dollarından çox ziyan dəyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.