REGİONLAR


“Lahıc misgərlik sənəti” AZƏRTAC-ın fotoobyektivində

Bakı, 7 sentyabr, AZƏRTAC

Azərbaycanda metalişləmənin inkişaf etmiş sahəsi olan misgərlikdə çox erkən başlanan sənətdaxili ixtisaslaşma orta əsrlərdə olduğu kimi, indi də davam etdirilir.

Orta əsr feodal məişətinin artan tələbi ilə əlaqədar, qədim misgərlik ənənələri daha da inkişaf etmişdi. Bu dövrdə mis məmulatı istehsalı sənət və ticarət mərkəzlərinə çevrilmiş feodal şəhərlərində cəmləşmişdi. Orta əsrlərdə Təbriz, Ərdəbil, Marağa, Bərdə, Beyləqan, Dərbənd, İsmayıllı, Şamaxı, Şəki, Gəncə, Bakı, Naxçıvan, Quba və Şuşa şəhərləri mis məmulatı istehsalının başlıca mərkəzlərindən sayılırdı.

XIX əsrdə 52 misgər dükanı olan İsmayıllının Lahıc qəsəbəsi mis məmulatı istehsalında xüsusi yer tuturdu və bu gün də həmin ənənəni davam etdirir. Turistlərin böyük maraq göstərdiyi bu qəsəbədəki misgər dükanlarında texnoloji əməliyyatlar əsrlərboyu sadə əritmə və isti döymə üsulları ilə görülüb. İstehsal proseslərinin tələbinə uyğun misgər dükanlarında hər cür tutucu, kəsici, tapdayıcı, deşici, sıxıcı, hamarlayıcı alətlər işlədilir.

2015-ci ilin dekabr ayında “Lahıc misgərlik sənəti” UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilib. “Lahıc misgərlik sənəti” faylı Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ICESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın dəstəyi ilə, Mədəniyyət və Turizm və Xarici İşlər nazirliklərinin, Azərbaycan Respublikasının UNESCO yanında Daimi Nümayəndəliyinin və bu sahə üzrə ekspertlərin birgə əməkdaşlığı ilə hazırlanaraq təqdim olunub.

Lahıc misgərlik sənətinin UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilməsi Azərbaycan xalqının keçmiş dövrlərdən bəri ifadə etdiyi mədəni dəyərlərinə verilən qiymətlə yanaşı, bu sənətin qorunması və gələcək nəsillərə çatdırılması, eyni zamanda, Lahıcda yaşayan əhalinin sosial-iqtisadi rifahının artmasına töhfə verəcək.

AZƏRTAC-ın fotoqrafı Roman İsmayılovun Lahıc qəsəbəsində Azərbaycanda, eləcə də dünyanın bir çox ölkələrində əl işləri ilə tanınan misgər Nəzər Əliyevin emalatxanasından hazırladığı fotoreportajı təqdim edirik.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.