İQTİSADİYYAT


“Lapis-Lazuli” layihəsi çərçivəsində Azərbaycanda əfqan mallarının sərgisi keçiriləcək

Bakı, 9 fevral, Laçın Sultanova, AZƏRTAC 

“Lapis-Lazuli” layihəsinin (Lazurit nəqliyyat dəhlizi) iştirakçısı olan ölkələrdə əfqan malları təqdim olunacaq.

Təxminən 1000 nəfərdən ibarət olan əfqan sərmayəçilərindən ibarət qrup “Lapis-Lazuli” marşrutu üzrə (Əfqanıstan, Türkmənistan, Azərbaycan, Gürcüstan və Türkiyə) yeni səyahətin hazırlanmasına cəlb olunub.

AZƏRTAC “TOLOnews” telekanalına istinadla xəbər verir ki, səfərin məqsədi Lazurit dəhlizi ilə ticarətin və tranzitin gələcək stimullaşdırılması üçün əfqan məhsullarının layihənin iştirakçısı olan ölkələrdə nümayiş etdirilməsidir. Növbəti iki ay ərzində Türkmənistan, Azərbaycan, Gürcüstan və Türkiyədə əfqan mallarının sərgiləri keçiriləcək.

Tədbirin təşkilatçılarının sözlərinə görə, sərgilərdə xalçalar və digər rəngarəng əl işləri, habelə meyvə və quru meyvələr təqdim olunacaq. Avtomobil karvanının təşkilatçıları hesab edirlər ki, əfqan qadın sahibkarların sərgidə iştirak etmək üçün dəvət olunması onlara öz biznesini inkişaf etdirmək imkanı verəcək.

Əfqanıstanın şimalında ənənəvi olaraq istehsal edilən türkmən xalçaları da sənətkarlıq məmulatlarının sırasına daxildir. Hazırda bu xalçaların böyük bir hissəsi Əfqanıstan-Türkiyə hava yolu ilə Türkiyəyə, oradan isə İtaliya və Almaniyaya göndərilir.

Lapis-Lazuli marşrutuna dair beştərəfli Saziş 2017-ci il noyabrın 15-də Əfqanıstan, Türkmənistan, Azərbaycan, Gürcüstan və Türkiyə arasında Əfqanıstana dair VII regional iqtisadi əməkdaşlıq konfransında (RECCA - Regional Economic Cooperation Conference on Afghanistan) Əfqanıstan, Türkmənistan, Azərbaycan, Gürcüstan və Türkiyə tərəfindən imzalanıb. Sazişdə iştirakçı ölkələrin nəqliyyat infrastrukturunun (avtomobil, dəmir yolu və dəniz nəqliyyatı) modernləşdirilməsi, həmçinin gömrük prosedurlarının asanlaşdırılması nəzərdə tutulur. Bu sənəd tərəfdaş ölkələrin ərazisində nəqliyyat vasitələrinin müntəzəm hərəkətinə, bununla bağlı inzibati məsələlərin və prosedurların sadələşdirilməsinə kömək edir, nəqliyyatın, yüklərin və sərnişinlərin təhlükəsizliyini təmin edir. Avtomobil, dəmir yolu və dəniz marşrutu ilə yükdaşımalarını ehtiva edən Lazurit dəhlizi yüklərin Əfqanıstandan və Asiyadan Avropaya çatdırılması üçün ən əlverişli və ucuz marşrutdur.

Lazurit nəqliyyat dəhlizi ilə ilk yüklər ötən il dekabrın 13-də yola salınıb. Heratdan yola düşən və Əfqanıstanın kənd təsərrüfatı məhsullarını daşıyan doqquz ağırtonnajlı avtomobildən ibarət ilk maşın karvanı Türkmənistan, Azərbaycan və Gürcüstandan keçərək yükləri Türkiyəyə çatdırıb. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.