DÜNYA
Las-Veqas aeroportunda "British Airways" aviaşirkətinin təyyarəsi yanıb VİDEO
Bakı, 9 sentyabr, AZƏRTAC
ABŞ-ın Nevada ştatında yerləşən Las-Veqas şəhərində "British Airways" aviakompaniyasına məxsus təyyarədə baş verən yanğın nəticəsində azı 14 nəfər xəsarət alıb.
AZƏRTAC Euronews telekanalına istinadla xəbər verir ki, "Boeing-777" təyyarəsi beynəlxalq "McCarran" hava limanının uçuş-eniş zolağında alışıb. Hadisə zamanı təyyarənin göyərtəsində 159 sərnişin və 13 heyət üzvü olub.
Təyyarə 2276 nömrəli reyslə Londonun "Gatwick" aeroportuna uçmağa hazırlaşırmış. Yanğın pilotun təyyarəni uçuş-eniş zolağına döndərməsi zamanı baş verib. Şahidlərin sözlərinə görə, yanğın təyyarənin sol mühərrikində başlayıb və heyət üzvləri alovun salona keçməsinin qarşısını almaq üçün lazım olan bütün tədbirləri görüb.
Hadisə yerinə gələn yanğınsöndürənlər yanğını tez bir zamanda söndürüb. Sərnişinlər dərhal təxliyə edilib, xəsarət alanlar xəstəxanaya aparılıb. Həkimlərin sözlərinə görə, yaralıların vəziyyəti yüngüldür və onların əksəriyyəti təxliyə zamanı xəsarət alıb.