İDMAN
Las-Veqasda keçiriləcək dünya çempionatında Azərbaycan 7 qadın güləşçi ilə təmsil olunacaq VİDEO
Bakı, 31 avqust, AZƏRTAC
Sentyabrın 7-dən 12-dək ABŞ-ın Las-Veqas şəhərində güləş üzrə dünya çempionatı keçiriləcək. Çempionatda çıxış edəcək güləş yığmalarımız avqustun 31-də ABŞ-a yola düşüb. Sərbəst və yunan-Roma güləşi üzrə yığma komandaların heyəti bir neçə gün əvvəl açıqlanıb.
AZƏRTAC xəbər verir ki, qadın güləşi yarışlarında Azərbaycanı Mariya Stadnik (48 kq), Anjela Doroqan (53 kq), Nataliya Sinişin (55 kq), Yuliya Ratkeviç (58 kq), İrina Netreba (60 kq), Nadya Muşka (63 kq) və Elis Manolova (69 kq) təmsil edəcəklər. Güləşçilərimiz çempionatda baş məşqçi Semyon Çterev və böyük məşqçi Konstantin Konorevin rəhbərliyi ilə mübarizə aparacaqlar.
Çempionatın proqramına əsasən, əvvəlcə 66, 75 və 98 kiloqram çəki dərəcələrində yunan-Roma güləşçiləri mübarizəyə başlayacaqlar.
Sentyabrın 8-də 59, 71, 80 və 130, bir gün sonra isə 85 kiloqram çəki dərəcələrində yunan-Roma, 48, 53 və 69 kiloqram çəki dərəcələrində isə qadın güləşçilər yarışacaqlar. Yarışların dördüncü günündə 55, 58, 63 və 75 kiloqramda qadın, 65 kiloqram çəkidə sərbəst güləşçilər mübarizə aparacaqlar. Yarışda 60 kiloqram çəki dərəcəsində qadın, 61, 86 və 97 kiloqram çəkilərdə sərbəst güləşçilər sentyabrın 10-da xalça üzərinə çıxacaqlar. Çempionatın sonuncu günündə isə sərbəst güləş üzrə 57, 70, 74 və 125 kiloqram çəki dərəcələrində pəhləvanlar yarışacaqlar.
Dünya çempionatında 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına ilk lisenziyalar qazanılacaq. Çempionatda yunan-Roma güləşi üzrə 59, 66, 75, 85, 98 və 130, qadın güləşi üzrə 48, 53, 58, 63, 69 və 75 kiloqram, sərbəst güləş üzrə isə 57, 65, 74, 86, 97 və 125 kiloqram çəki dərəcələrində ilk 5 yeri tutan idmançılar Olimpiadaya birbaşa vəsiqə əldə edəcəklər.
Görüşlərin idarə olunmasında ölkəmizi beynəlxalq dərəcəli hakimlər Hicran Şərifov və Asif Şirəliyev təmsil edəcəklər.