İQTİSADİYYAT
Laslo Kiş: Azərbaycanlı sahibkarlara bitki mühafizəsi üçün kimyəvi preparatların istehsalını təşkil etməkdə dəyərli tərəfdaş və məsləhətçi ola bilərik
Bakı, 22 may (AZƏRTAC). Biz “Agrihort Azerbaijan-2013” sərgisində ilk dəfədir iştirak edirik. Bura gəlməkdə məqsədimiz uzunmüddətli işgüzar münasibətlər axtarışı, həmçinin azərbaycanlı tərəfdaşlar və distribütorlarla təcrübə mübadiləsidir.
AZƏRTAC xəbər verir ki, bu sözləri VII Azərbaycan Beynəlxalq kənd təsərrüfatı sərgisinin (“Agrihort Azerbaijan-2013”) iştirakçısı Macarıstanın KISS şirkətlər qrupuna daxil olan “Kischemicals” şirkətinin sahibi Laslo Kiş bildirmişdir.
O qeyd etmişdir ki, əgər hər hansı sahibkar Azərbaycanda bitki mühafizəsi üçün kimyəvi preparatların istehsalını təşkil etmək istəyərsə, o zaman biz bu məsələ üzrə dəyərli tərəfdaş və məsləhətçi ola bilərik.
Laslo Kiş təmsil etdiyi şirkət haqqında məlumat verərək demişdir ki, onlar əsasən aqrokimyəvi vasitələrin və fəal maddələrin istehsalı və satışı ilə məşğul olurlar. Biz xüsusilə karbamid herbisidləri, habelə diuron, fluometuron, izoproturon və s. maddələri toz, suspenziya və s. preparat formalarında təklif edirik. Bundan əlavə, müəssisəmizdə əczaçılıq sənayesi üçün xlorformiatlar və xlorlu turşular da istehsal olunur.
Eyni zamanda, KISS quraşdırma və ticarət müəssisəsi öz texnologiyası əsasında müxtəlif zavodların inşası, habelə istismarı və texniki xidməti üzrə də ixtisaslaşmışdır. Onların arasında tullantı sularının təmizlənməsi müəssisələri, təhlükəli tullantıları yandırma sobaları, habelə bitki yağları istehsalı texnologiyaları və soyutma texnologiyalarının və s. tətbiqi üzrə müəssisələr də vardır.