DÜNYA


Latın Amerikasında kasıbların işini itirməsi halları üçqat çoxdur

Madrid, 12 sentyabr, AZƏRTAC 

Latın Amerikasında əhalinin rifah səviyyəsinin 2019-cu il göstəricisinə qayıtması üçün illər lazım olacaq.

AZƏRTAC xəbər verir ki, bu regionda 10 il ərzində qeyri-bərabərliyin kəskin azalmasından sonra koronavirus böhranı həmin fərqi yenidən artırır. Amerikaarası İnkişaf Bankının (IDB) hesabatında qeyd edilir ki, pandemiya əhalinin ən həssas təbəqələrinə qeyri-mütənasib təsir edib: işsizlikdən əziyyət çəkənlər arasında kasıblar varlılardan üçqat çoxdur. Araşdırmanın müəllifləri fövqəladə tədbirlər çərçivəsindən çıxmağı və qənaətbəxş vəziyyətdə olmayan sosial müdafiə sistemlərini modernləşdirməyi təklif edirlər.

Planetdə hüquq bərabərliyinin ən kəskin şəkildə pozulduğu regionların birində pandemiya səbəbindən bu fərqləri daha da artırıb: əhalinin 1 faizini təşkil edən ən varlı insanlar ümumi gəlirin 21 faizini qazanır. Bu, analoji inkişaf səviyyəsində olan ölkələrlə müqayisədə 2 dəfə çoxdur.

Gəlirləri ən aşağı səviyyədə olan ailələrin 70 faizində azı 1 nəfər işsiz var. Yüksək təhsil səviyyəli şəxslər arasında işsizlik göstəricisi 26 faiz, daha aşağı təhsil səviyyəli şəxslər arasında isə bu göstərici 20 faiz artıb. Yoxsulluq və işsizlik get-gedə artır, ən çox əziyyət çəkən isə orta sinfin nümayəndələridir. İqtisadçıların fikrincə budəfəki böhran çox fərqlidir. Məsələn, distant rejimdə işləmək imkanı çoxları üçün əlçatmazdır, çünki bu insanların müvafiq texnologiyalardan istifadə etmək imkanı yoxdur və əhalinin xeyli hissəsinin məşğul olduğu qeyri-formal iş yerləri bu tipə uyğun gəlmir.

Qeyri-formal sektorun işçiləri öz iş yerlərinə qayıda bilərlər, lakin onların qazancına göstərilən təsiri aradan qaldırmaq üçün nə qədər vaxt lazım gələcəyini demək çətindir.

Qeyri-bərabərliyin artması göz qabağındadır. Ortamüddətli perspektivdə bu prosesin necə inkişaf etməsi böhrandan sonra görülən tədbirlərdən asılı olacaq. 1990-cı ildən indiyə qədər ən ağır böhranlar dövründə məşğulluğun əvvəlki səviyyəyə qayıtması üçün orta hesabla 9 il lazım gəlib. Bu dəfə vaksinin tezliklə hazırlanacağına əminliyin olmaması bu fərqin yenidən azalmağa başlayacağı vaxtı proqnozlaşdırmağı çətinləşdirir.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Madrid

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.