REGİONLAR
“Latın dili və tibbi terminlərin əsasları” dərs vəsaitinin təqdimatı keçirilib
Naxçıvan, 10 dekabr, AZƏRTAC
Naxçıvan Dövlət Universitetinin (NDU) Elmi Kitabxanasında ali təhsil ocağının Əczaçılıq və stomatologiya kafedrasının baş müəllimi Çinarə Məmmədovanın “Latın dili və tibbi terminlərin əsasları” dərs vəsaitinin təqdimatı olub.
NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, təqdimatı açan universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov kitabın elmi əhəmiyyətindən danışıb. Qeyd edib ki, tibb fakültələrində latın dilinin tədris edilməsində əsas məqsəd tibbi praktikada işlədilən latın terminlərinin və yunan mənşəli sözlərin tələbələr tərəfindən öyrənilməsinə nail olmaqdır.
Tibbi klinik fənlər kafedrasının müdiri, tibb üzrə fəlsəfə doktoru, dosent Mətləb İbrahimov bildirib ki, kitabda hər mövzu mümkün qədər məqsədəuyğun işlənib və qrammatikanın hər bölməsinə müvafiq leksik material, testlər və praktik çalışmalar, tələbələrin müstəqil işləmələri məqsədilə hər bölmədə tərcümə üçün material və reseptlər verilib.
Tibb fakültəsinin tələbələri üçün nəzərdə tutulan kitabın latın dili fənninin tədrisi proqramı əsasında yazıldığını vurğulayan həmin kafedranın dosenti, tibb üzrə fəlsəfə doktoru Elmar Rzayev qeyd edib ki, müəllif kitabda həm latın, həm də yunan dilindən olan şəkilçilərin və önşəkilçilərin işlədilməsinin əhəmiyyətini misallarla diqqətə çatdırıb.
Azərbaycan Respublikasının Əməkdar həkimi Kubra Cəfərova isə çıxışında bildirib ki, dərs vəsaitindən fənnin tədrisi ilə məşğul olan müəllim heyəti, bu elm sahəsində çalışan tədqiqatçılar, eləcə də tibbin müxtəlif sahələrində işləyən həkimlər və əczaçılar istifadə edə bilərlər.
“Naxçıvan Dövlət Universitetinin son illərdə qazandığı nailiyyətlər təhsilimizə göstərilən yüksək diqqət və qayğının bəhrəsidir”, - deyən dərs vəsaitinin müəllifi Çinarə Məmmədova yaradıcı insanların elmi-pedaqoji fəaliyyəti üçün göstərilən dövlət dəstəyinə görə minnətdarlığını ifadə edib.