ELM VƏ TƏHSİL
Latın qrafikalı qazax əlifbası türkdilli ölkələrin yaxınlaşmasına imkan verəcək
Bakı, 16 noyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunda Qazaxıstan alimləri ilə görüş keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, görüşdə Qazaxıstan “Dil-Kazına” Mərkəzinin direktoru Erbol Tleşov, mərkəzin elmi katibi Anar Fazilxanova, aparıcı elmi işçisi Almagül Xabiyeva, Qazaxıstan Elmlər Akademiyasının Dilçilik İnstitutunun baş elmi işçisi, professor Alimxan Jenisbek iştirak ediblər.
Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu rəhbərlik etdiyi elmi müəssisə haqqında qonaqlara məlumat verib. Qazaxıstanlı alimlər isə latın qrafikası əsasında tərtib olunmuş qazax əlifbasının yeni versiyasını təqdim ediblər.
Erbol Tleşov vurğulayıb ki, latın qrafikalı qazax əlifbasının yeni versiyası türkdilli ölkələrin yaxınlaşmasına imkan verəcək. Bildirilib ki, Qazaxıstan 2025-ci ilədək latın qrafikalı yeni əlifbaya keçməklə bağlı hazırlıq aparır.
Qeyd edək ki, Qazaxıstanda 1920-ci ilədək ərəb qrafikalı, 1940-cı ilədək latın qrafikalı, o vaxtdan bu günə qədər isə kiril qrafikalı əlifbadan istifadə olunub. Sonuncu qazax əlifbası 42 hərfdən ibarətdir.