DÜNYA


Latviya Brexit prosesinin müxtəlif ssenarilərinə hazırdır

Riqa, 10 yanvar, AZƏRTAC

Latviya Seyminin Avropa işləri və xarici işlər komitələri ölkənin Brexit prosesinin mümkün nəticələrinə hazırlığını müzakirə ediblər.

AZƏRTAC Seymin mətbuat xidmətinə istinadla bildirir ki, deputatların fikrincə, Latviya Brexit ilə bağlı hər hansı mümkün nəticəyə hazır olmalıdır.

Avropa işləri komitəsinin başçısı Vita Anda Terauda deyib: “Diqqət yetirməli olduğumuz ən vacib məsələlər Brexitin milli iqtisadiyyata necə təsir göstərəcəyi ilə bağlıdır. Böyük Britaniyada yaşayan Latviya vətəndaşlarının maraqlarının müdafiəsi məsələsi də var. Bu, Latviya qanunlarına dəyişikliklər edilməsini tələb edəcək. Bu dəyişikliklər Brexit proseduruna nəzarət edilib-edilməyəcəyindən asılı olacaq”.

Xarici işlər komitəsinin sədri Rixard Kolsun sözlərinə görə, Böyük Britaniya müəyyən edilmiş sazişə yanvarın 15-də səs versə, Avropadan çıxma nəzarətli şəkildə həyata keçiriləcək. Bu isə keçid prosesini Latviya üçün də sadələşdirəcək. Kols deyib: “Gəlin hər şeyin lap yaxşı olacağına ümidimizi itirmədən özümüzü işlərin pisliyə doğru dəyişəcəyinə hazırlayaq. Britaniyanın Avropanı sazişsiz tərk edə biləcəyini göstərən əlamətlər var. Bunun potensial nəticələrini tam qiymətləndirmək mümkün deyil. Buna baxmayaraq, Latviyanın müvafiq şəkildə cavab verməsi üçün biz müxtəlif nəticələrə hazır olmalıyıq”.

Aygün Əliyeva

AZƏRTAC-ın xüsusi müxbiri

Riqa

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.