DÜNYA
Latviya Səhiyyə Nazirliyi yaşlı insanları vaksinasiya üçün onlayn qeydiyyatdan keçməyə çağırır
Riqa, 15 fevral, AZƏRTAC
Latviya Səhiyyə Nazirliyi yaşlı insanları COVID-19-a qarşı vaksinasiya olunması üçün onlayn qeydiyyatdan keçməyə çağırır.
AZƏRTAC Latviya Səhiyyə Nazirliyinin yaydığı məlumata istinadən xəbər verir ki, vaksinasiya olunmaq üçün müraciət edən 9 min nəfərin təxminən dörddə biri 60 yaşdan yuxarı şəxslər təşkil edir. Bildirilir ki, bu yaş kateqoriyasına daxil olan insanlar COVID-19-a qarşı digərlərindən daha tez vaksinasiya olunacaq prioritet qruplardan biridir, bu səbəbdən bu qrupun manavakcina.lv saytında qeydiyyatdan keçərək onlayn müraciət etməsi vacibdir.
Qeyd edilib ki, tibb işçisi və ya sosial qayğı mərkəzlərinin işçiləri olmayan 60 yaşdan yuxarı şəxslər müəyyən qaydada peyvənd olunacaq. İlk növbədə ən yaşlı insanlardan başlayaraq, 70-90 yaş arası insanlar vaksinasiya olunacaq. Daha sonra xroniki xəstəlikləri olan, xroniki və immunosupressiv xəstəlikləri olan uşaqlar ilə eyni evdə yaşayan və xəstəliyi ağır olan şəxslərə evdə qulluq edən insanlar peyvənd olunacaq. Bütün bunlardan sonra 60-70 yaş qrupuna daxil olan digər insanların vaksinasiyası həyata keçiriləcək.
Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Riqa